Süni intellekt son illərdə sürətlə inkişaf edərək həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib və bu proses getdikcə daha da genişlənir. Xüsusilə kino, təhsil, səhiyyə və əmək bazarında yaratdığı dəyişikliklər həm yeni imkanlar, həm də müəyyən narahatlıqlar doğurur.
Məsələylə bağlı Zefer.media – ya açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Bəhruz Əliyev süni intellektin artıq həyatımızın bir çox sahəsinə daxil olduğunu qeyd edib :
” Süni intellekt (SI) son illərdə həyatımızın bir çox sahəsinə nüfuz edib və bu tendensiyanın davam edəcəyi gözlənilir. Kino sahəsində, ssenari yazılmasında, istehsal proseslərində, şəkil və video emalı kimi tətbiqlərdə qarşımıza çıxır. Bu gün film və seriallarda realistik vizual effektlərin yaradılmasında, avtomatik səs və ssenari yazılmasında da istifadə olunur.
Süni intellekt, insan zəkasının simuliyasiya edən, insan kimi davranan və insana bənzər funksiyaları təqlid etməyə çalışan sistem və texnologiyadır. Təbii dil emalı, məntiqi təhlil, şəkil tanıma, maşın öyrənmə (ML), dərin öyrənmə (DL) kimi sahələrdən istifadə edir”.
Ekspert, həmçinin süni intellektin mənfi və müsbət xüsusiyyətlərini də diqqətə çatdırıb : ” Süni intellektin müsbət tərəfləri – Xüsusilə təkrarlanan və monoton işlərdə iş səmərəliliyini artırır. Böyük verilənlər bazasından analizlər edərək daha doğru proqnozlar və qərarlar verir. Tibb, avtomobil sənayesi, təhsil, nəqliyyat kimi sahələrdə innovativ həllər təqdim edir. Kino və musiqi sahələrində yeni üsullar və təcrübələr təqdim edir.
Süni intellektin mənfi tərəfləri- Süni intellektdə qərarlarının necə verildiyi, şəxsi məlumatların necə qorunduğu və buna oxşar məsələlər etik narahatlıqlara yol aça bilər. Bəzi sahələrdə insanların yaradıcı və fərdi yanaşmasını əvəz edə bilər. İnsanlar həyatlarını tamamilə süni intellektə etibar etməyə başladıqda, bu asılılıq sosial və psixoloji problemlərə səbəb ola bilər”.
Mütəxəssis, Aİ ilə bir çox proseslərin avtomatik həyata keçirilə biləcəyini vurğulayıb: ” Süni intellektin inkişafı ilə bir çox işin avtomatlaşdırılması mümkündür. Məsələn, sürücüsüz avtomobillər, robotlar, avtomatlaşdırılmış müştəri xidmətləri və s. Əgər bir çox sənayedə işçilər yerinə SI texnologiyaları istifadə olunarsa, bu, müəyyən sahələrdə lokal olaraq, işsizlik yaratmaq potensialına malikdir. Xüsusilə, təkrarlanan və mexaniki işlərdə çalışan insanlar bu dəyişikliklərdən təsirlənə bilər. Bununla belə, yeni texnologiyalar da yeni iş yerləri yarada bilər. Məsələn, Süni intellekt sistemlərinin inkişafı üçün daha çox proqramçı, məlumat analitikləri və mühəndislər tələb oluna bilər.
Misal ilə izah edək: 100 il əvvəl at sürürdük, ona görə də nalbəndlər vardı. Sonra maşın sürməyə başladıq. Tədricən nalbənd fəaliyyəti öz yerini maşın ustaları ilə dəyişdi. Həm də çox şaxəli maşın ustalığı yarandı. Maşın ustası olaraq, nalbəndlərdən daha çox insan üçün iş yeri oldu. Bu birdən baş vermədi, tədricən baş verdi. Heç bir nalbəndin maşın ustalarına etirazı olmadı, maşın ustalarına görə nalbəndlər də ac qalmadı. Daha çox insana daha çox iş yeri yarandı. Bu tədrici prosesdir və öz üzərində inkişafı üçün çalışmayan hər kəs mövqeyini itirəcəkdir. Bu məsələlər barədə kifayət qədər tədqiqatlar da mövcuddur. Bununla yanaşı, insanlar yalnız texnoloji tərəfdən deyil, həm də emosional, yaradıcı və strateji sahələrdə üstünlük təşkil etməyə davam edəcəklər. Bu səbəbdən SI-nin tamamilə hər bir şeyi əvəz etməsi mümkün olmasa da, əmək bazarındakı bəzi dəyişikliklərə səbəb olacağı qaçılmazdır”.
B.Əliyev süni intellektin qarşıdakı dövrdə daha çox tətbiq ediləcəyini bildirib: ” Süni intellektin gələcəkdə daha da geniş sahələrdə istifadəsi gözlənilir. Məsələn: Tibb müalicə, səhiyyə xidmətlərinin optimallaşdırılması, erkən xəstəlik diaqnozu üçün daha geniş istifadə ediləcək. Sürücüsüz avtomobillərin daha geniş yayılması, məşhurların və personajların təqlidini edən süni intellekt modelləri ilə yeni film və musiqilərin yaradılması kimi hadisələr var və genişlənəcəyini proqnozladırmaq mümkündür. Süni intellektin həyatımıza təsiri genişlənəcək və buna uyğun olaraq həm müsbət, həm də mənfi təsirlərin tarazlaşdırılması vacib olacaq. Əsas nəzərdən qaçmaması gərəkli olan məsələ süni intellektin etik istifadəsini dünya birliyi olaraq, ortaya qoymaq və icbari hala gətirməkdir. Ümid edirəm dünya bu məsələdə gecikməyəcək”.
Pərvin Hacıyeva




