İranda düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxslərə qarşı sərt tədbirlərin görüləcəyi bildirilib. Rəsmi şəxslər bu məsələdə heç bir güzəştə gedilməyəcəyini vurğulayıblar.
Zefer.media xəbər verir ki, İran polisinin rəisi general Rza Radanın sözlərinə görə, fevralın 28-dən etibarən düşmənlə əməkdaşlıq etmək şübhəsi ilə azı 500 nəfər saxlanılıb.
İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei isə ABŞ və İsrailin hücumları fonunda düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxslərlə bağlı məhkəmə proseslərinin daha operativ aparılmasına çağırıb.
O bildirib ki, mövcud müharibə şəraiti nəzərə alınaraq, ictimai təhlükəsizliyə təhdid yaratmaqda ittiham olunan şəxslərlə bağlı araşdırma və qərarvermə prosesləri sürətləndirilməlidir. Bununla yanaşı, prosesin sürətləndirilməsinin dəqiqlik və ədalət prinsiplərindən imtina anlamına gəlmədiyi də vurğulanıb.
Qeyd edilib ki, müharibə və iğtişaşlar dövründə cinayət törətmiş, həmçinin düşmən tərəflə əlaqəsi olduğu müəyyən edilən şəxslərlə bağlı çıxarılan yekun qərarların icrasında gecikmə və ya yumşalma olmamalıdır.
Aytən Yalçınqızı

















