Cəmiyyət

Qida təhlükəsizliyində media məsuliyyəti: Peşəkar ekspert rəylərinin önəmi

10 Fevral 2026, 22:1815
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Mətbuat Şurası son dövrlərdə qida təhlükəsizliyi ilə bağlı mediada yayılan məlumatların birtərəfli və yanlış təqdim olunmasını tənqid edərək bildirdi ki, belə təqdimatlar cəmiyyətin qida sahəsində dövlət nəzarətinin səmərəliliyi və etibarlılığına şübhə yarada bilər. Qurum sağlamlıq və təhlükəsizliklə bağlı xəbərlərin yayılmasında peşəkar jurnalistika standartlarının — faktlara əsaslanma, balans və etibarlı mənbələrə istinad etmə — əhəmiyyətini xüsusi vurğuladı və medianı bu sahədə məsuliyyətli davranmağa çağırdı.

Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı məktubda qida mövzusunun da yer aldığını vurğulayıb:

“Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı məktubda qeyd olunub ki, Azərbaycan Jurnalistlərinin etik davranış qaydalarında media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi bir neçə aspektdən əsaslandırılır. Bu çərçivədə qida mövzusu da xüsusi yer tutur. Bildirilir ki, bəzən media orqanlarında müxtəlif qidaların zərərli olması barədə fikirlər, ekspert rəyləri və ictimai rəy yayımlanır. Lakin bu məlumatların tamamilə doğruluğu yoxdursa, məhsulların və şirkətlərin nüfuzuna, eləcə də ümumilikdə satış və ərzaq təminatı sisteminə zərər yetirə bilər. Jurnalistlər qida təhlükəsizliyi məsələsini cəmiyyətin sağlamlığı baxımından əsas məsələ kimi qiymətləndirərək, bu məlumatların dəqiqliyinə həssas yanaşmalıdırlar.

Məktubda xüsusilə vurğulanır ki, sosial şəbəkələrdə və bəzi saytlar vasitəsilə ekspert kimi çıxış edən şəxslərin əksər hallarda təcrübəsi və təhsili sahəyə uyğun olmur. Bəzi insanlar müxtəlif təlimlər keçərək və günlük sertifikatlar vasitəsilə özlərini qida sahəsinin mütəxəssisi və ya eksperti kimi təqdim edərək ictimaiyyətdə təşviş yaradacaq, sensasiya xarakterli məlumatlar yayaraq reytinq qazana bilərlər. Bu səbəbdən media yalnız elmi əsaslı, faktlara söykənən və etibarlı mənbələrə istinad edən, məsuliyyət daşıyan ekspert rəylərini təqdim etməlidir”.

Ekspert, qida sektorunun yalnız iqtisadi baxımdan deyil, eyni zamanda strateji cəhətdən də önəm daşıdığını qeyd edib:

“Qida sahəsi təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyətə malikdir, çünki xalqın sağlamlığı ilə birbaşa bağlıdır. Yoxlanılmamış, sensasiyalı və qeyri-peşəkar mənbələrdən yayımlanan məlumatlar cəmiyyətdə yanlış təəssürat yarada bilər. Peşəkar ekspert rəyləri isə maarifləndirmə xarakteri daşıyır, sağlam seçim imkanları yaradır və xüsusilə gənc nəslin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Məktubda həmçinin qeyd olunur ki, hər hansı media mənsubu qida ilə bağlı ekspertdən müsahibə alırsa, öncədən onun təhsili, təcrübəsi və bilik səviyyəsi ilə bağlı araşdırma etməlidir. Əks halda yanlış məlumatlar yayıla və hətta böyük müəssisələrin nüfuzuna zərər dəyə bilər.

İctimai rəy və ictimai nəzarət də bu sahədə xüsusilə önəmlidir. Qida təhlükəsizliyi yalnız müəyyən bir qurumun işi deyil, hər kəsin işidir. Azərbaycanda bu sahəyə aid Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir və müxtəlif qeyri-hökumət təşkilatları da davamlı olaraq maarifləndirmə layihələrini həyata keçirirlər.
Hər hansı xoşagəlməz fakt aşkarlandıqda, məsələ mütləq aidiyyatı dövlət qurumuna, məsələn, AQTA-nın 1003 qaynar xəttinə bildirilməlidir”.

Sonda M.Hüseynova bildirib ki, media yalnız etibarlı dövlət qurumları və peşəkar ekspert rəylərinə istinad etməli, yoxlanılmamış, əsassız və istinadsız xəbərlərin yayılmasının qarşısını almalıdır. Bu yanaşma həm ictimai təhlükəsizliyi təmin edir, həm də düzgün maarifləndirməyə xidmət edir.

Pərvin

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600