Uzun zaman işdən uzaq qaldıqda və yenidən başlamaq istədikdə psixoloji olaraq əksər insanlarda çətin olur. Əsasən də analıq məzuniyyətində olan xanımlar üçün adaptasiya problemi daha çox yaşanır.
Bəs, necə özünü buna hazırlamaq mümkündür?
Psixoloq Aytən Ələkbərova Zefer.media-ya açıqlamasında bildirib ki, analıq məzuniyyətindən sonra qadınların işə qayıtması ilk olaraq onlar üçün işin rejimi cəhətdən yox, emosional və psixoloji vəziyyətinə görə adaptasiya dövrüdür:
“Bəzən görürük ki, uzunmüddətli fasilədən sonra xanımda ya da onun ətrafında elə insanlar olur ki, ona müəyyən suallar ünvanlayırlar: “Uşağı necə qoyub gedəcəksən?”, “Ondan necə ayrılacaqsan?” kimi ifadələr övladından uzaq qalmağa görə günahkarlıq hissinin yaranması, “mən ana deyiləm”, “mənsiz uşağım necə olacaq?” düşüncələrinə, müxtəlif narahatlıqlara gətirib çıxarır. Bunu ananın uşaqdan ayrılığı, övladına qarşı olan sevginin azalması kimi qəbul etmək yanlışdır. İşdən sonra uşağının yanına qayıtmaq, o demək deyil ki, sən onu az istəyirsən, düşünmürsən”.

Psixoloq vurğulayıb ki, adaptasiyanı asanlaşdırmaq üçün işə başlamadan öncə gündəlik həyat rejimində övladlarını buna öyrəşdirməli, onları öyrətməlidirlər:
“Çox vaxt balacanın baxça dövrü gəldikdə xanımlar işə başlayır. Ona görə də uşaqla düzgün təbliğat, söhbətlər aparmaq vacibdir. Yaxşı olar ki, analıq məzuniyyətindən qayıtmaq yaz və payız depressiyası ərəfəsində baş verməsin. Xroniki yorğunluq kimi məqamlar ananın özünü günahkar saymasına səbəb olacaq. İlkin adaptasiya dövründə yuxusuzluq, yorğunluqdan deyinmə özünü büruzə verir. Bu da işə mənfi təsir göstərir. Əgər durum heç düzəlmirsə, çox davam edirsə, onda psixoloji, mütəxəssis dəstəyi zəruridir”.
Aytən Ələkbərova digər işçilərin də tətildən sonra qayıtması məsələsinə də toxunub:
“Hər hansı bir işçinin bir aylıq məzuniyyətdən qayıtması da rahat olmaya bilir. Yuxudan yenidən qalxmaq problemi, yorğunluq, həvəssizlik yaşayırlar. Buna tətildən sonrakı sindrom deyilir ki, beyin sıradan rejimdən iş rejiminə keçir. Bir çox şəxs işə getmədiyi günlərdə gecələr yuxusuz qalır, gündəlik rejimini pozur. Məsləhət görürəm ki, işə bir həftə qalmış rejim qaydaya salınmalıdır”.
Zərintac Mayisqızı

















