İşğal altındakı Krımı Rusiya ilə birləşdirən mühüm körpü Ukraynanın hücumu nəticəsində ciddi zərər gördüyü barədə məlumatlardan sonra bağlanıb.
Zefer.media BBC-yə istinadən xəbər verir ki, bu hadisə müharibə aparan hər iki ölkənin gecə saatlarında mühüm körpüləri hədəf aldığı bir vaxtda baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Krım körpüsünün, digər adı ilə Kerç körpüsünün bir hissəsinin suya çökdüyünü göstərdiyi iddia edilən görüntüləri paylaşıb.
Bu arada, Kiyev meri Vitali Kliçko Rusiyanın ballistik raket zərbələrindən sonra Dnepr çayı üzərində yerləşən və mühüm nəqliyyat marşrutları hesab olunan Şimal və Cənub körpülərinin bağlandığını bildirib.
Bu hücumlar Ukraynanın Kremlin mühüm strateji obyektlərindən biri və Rusiyanın işğalının simvolu hesab edilən Krım körpüsünü sıradan çıxarmaq üçün növbəti cəhdinə başlamasından bir gün sonra baş verib.
Rusiya tərəfindən təyin edilmiş Krım rəhbəri bazar günü gecə baş verən hücum nəticəsində iki nəfərin öldüyünü bildirib.
Ukraynanın keçmiş müşaviri Anton Geraşenko son hücum nəticəsində körpüyə ciddi ziyan dəydiyini göstərdiyi iddia edilən foto və video görüntüləri paylaşıb. Görüntülərdə körpünün dayaqlarından birinin tağ hissəsinin və yolun bir hissəsinin suya çökdüyü görünür. BBC News bu görüntülərin həqiqiliyini müstəqil şəkildə təsdiqləməyib.
Ukrayna qüvvələrinin dəfələrlə hücumuna məruz qalan körpü Rusiya 2014-cü ildə yarımadanı işğal və ilhaq etdikdən sonra inşa edilib.
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ildə körpünün açılışını şəxsən edib.
Ukrayna neft emalı zavodlarını və yanacaq anbarlarını hədəfə almaqla Rusiyanın müharibə aparmasının iqtisadi xərclərini artırmağa çalışdığı halda, Krım körpüsünə zərbə endirmək Putinə qarşı siyasi təzyiqi artırmaq məqsədi daşıyır.
Hava və dəniz hücumlarından müdafiənin bir neçə qat sistemi ilə qorunan körpüyə son hücumun miqyası hələ də tam aydın deyil. Bununla belə, Rusiya dövlət mediası məsələni müzakirə etmək üçün çərşənbə axşamı iclas keçiriləcəyini bildirib.
Moskvanın dəstəklədiyi Krım rəhbəri Sergey Aksyonov Telegram kanalında körpüdə nəqliyyatın hərəkətinin dayandırıldığını təsdiqləyib.
Lalə Qurbanlı




