2026-cı ilin ən güclü NATO orduları açıqlanıb. 145 ölkənin hərbi imkanlarını 60-dan çox meyar üzrə qiymətləndirən “Global Firepower” təşkilatı ordularda yenilikləri də nəzərə alıb.
Dünyanın ən güclü NATO ordularının siyahısında ABŞ birinci yerdə dayanır. İkinci yerdə Fransa,üçüncü yerdə Böyük Britaniya,dördüncü yerdə Türkiyə,beşinci yerdə isə İtaliya qərarlaşıb.
Türkiyə ordusunun ən güclü NATO orduları arasında 4-cü yerdə olması Azərbaycan üçün nə deməkdir?
Sualımızı cavablandıran Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Zaur Hüseynov Zefer.media-ya açıqlamasında bildirib ki, 2026-cı il üzrə NATO ölkələrinin hərbi güc reytinqində Türkiyənin 4-cü yerə yüksəlməsi sadəcə statistik göstərici deyil, müasir beynəlxalq təhlükəsizlik sistemində yeni reallığın formalaşmasının bariz nümunəsidir.
Onun sözlərinə görə, ABŞ, Fransa və Böyük Britaniyadan sonra belə yüksək mövqedə qərarlaşan Türkiyə artıq təkcə regional deyil, qlobal miqyasda söz sahibi olan hərbi gücə çevrilib:
“Bu yüksəlişin arxasında dayanan əsas amillər aydındır: güclü insan resursları, sürətlə inkişaf edən milli müdafiə sənayesi, müasir texnologiyalara əsaslanan silah sistemləri və real döyüş təcrübəsi. Xüsusilə, pilotsuz uçuş aparatları, raket sistemləri və dəniz platformaları sahəsində əldə olunan nailiyyətlər Türkiyəni NATO daxilində fərqləndirən əsas faktorlar sırasındadır.
Lakin bu məsələni Azərbaycan prizmasından qiymətləndirmək daha böyük əhəmiyyət daşıyır. Azərbaycan ilə Türkiyə arasında münasibətlər artıq klassik müttəfiqlik çərçivəsini aşaraq strateji-hərbi inteqrasiya səviyyəsinə yüksəlib. Türkiyənin NATO daxilində mövqeyinin güclənməsi Azərbaycan üçün dolayı təhlükəsizlik təminatlarının genişlənməsi deməkdir. Bu gün Bakı-Ankara xətti regionda sabitliyin və təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib.
Türkiyənin güclənməsi Cənubi Qafqazda mövcud güc balansını əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycan-Türkiyə tandemi regionda əsas hərbi-siyasi faktor kimi çıxış edir. Bu isə potensial təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır və Azərbaycanın strateji mövqelərini möhkəmləndirir”.
Z.Hüseynov qeyd edib ki, Türkiyənin NATO daxilində artan çəkisi Azərbaycanın da beynəlxalq arenadakı mövqeyinə müsbət təsir göstərir:
“Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri daha etibarlı mühitdə inkişaf edir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Türkiyənin NATO-nun ən güclü orduları sırasında 4-cü yerdə qərarlaşması Azərbaycan üçün yalnız dost ölkənin uğuru deyil. Bu, eyni zamanda Azərbaycanın təhlükəsizliyi, hərbi inkişafı və geosiyasi mövqeyi baxımından strateji üstünlük deməkdir.
Bu gün bir reallıq dəyişməz olaraq qalır: Türkiyə gücləndikcə Azərbaycan da güclənir. Bu güc isə təkcə hərbi sahədə deyil, bütövlükdə regionda sülhün və sabitliyin təminatına xidmət edir.
Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlar Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsinə birbaşa təsir göstərir. Artıq ortaq layihələr, texnologiya transferi və birgə təlimlər vasitəsilə Azərbaycan ordusu NATO standartlarına daha sürətlə inteqrasiya edir. 44 günlük Vətən müharibəsində bu əməkdaşlığın real nəticələri bütün dünyaya nümayiş olundu.
Sonda isə vacib bir sual ortaya çıxır: Türkiyənin hərbi gücünün artmasında Azərbaycanın rolu varmı? Şübhəsiz ki, var. Azərbaycan ilə Türkiyə arasında formalaşmış hərbi-strateji əməkdaşlıq, birgə təlimlər, döyüş təcrübəsinin paylaşılması və xüsusilə Vətən müharibəsində əldə olunan ortaq sinerji Türkiyə ordusunun praktiki təcrübəsinin zənginləşməsinə töhfə verib. Bu qarşılıqlı prosesdir — necə ki Türkiyə Azərbaycanın güclənməsinə dəstək verir, Azərbaycan da Türkiyənin regional və hərbi mövqeyinin möhkəmlənməsində öz tövhəsini verir.
Vətən müharibəsi zamanı Azərbaycan və Türkiyə arasında sıx hərbi əməkdaşlıq oldu — biliklər, texnologiyalar və taktiki yanaşmalar paylaşıldı. Bu birgə fəaliyyət nəticəsində yalnız Azərbaycan ordusu təcrübə qazanmadı, eyni zamanda Türkiyə ordusunun yüksək rütbəli zabitləri real döyüş şəraitində strateji, operativ və taktiki planlamanı, eləcə də əməliyyatların icrasını müasir müharibə reallıqları fonunda təkmilləşdirərək yeni praktiki təcrübələr əldə etdilər və bu bilikləri gələcək hərbi doktrina və hazırlıq sistemlərinə inteqrasiya etmək imkanı qazandılar. Yəni daha sadə dillə desək: Azərbaycana birbaşa hərbi kontingent (əsgər) olaraq deyil, dəstək hərbi-texniki, məsləhətçi və xüsusilə pilotsuz uçuş aparatları (PUA) texnologiyaları üzərindən həyata keçirildi.
Lakin bu əməkdaşlıq birtərəfli olmadı — Türkiyə də real döyüş şəraitində öz texnologiyalarının effektivliyini, əməliyyat koordinasiyasını və müasir müharibə taktikasını praktiki olaraq sınaqdan keçirdi və bu prosesdə dəyərli təcrübə qazandı.
Son olaraq, Azərbaycan–Türkiyə tandemi bu gün regionda təkcə güc deyil, həm də sabitlik və gələcəyin təhlükəsizlik modelidir”.
Yeganə

















