Azərbaycanda sahibkarlığın və aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində olub. Xüsusilə, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar göstərir ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının gücləndirilməsi məsələlərinə böyük önəm verir.
Prezidentin rəhbərliyi ilə həyata keçirilən proqramlar, imzalanan fərman və sərəncamlar sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, yeni bizneslərin yaranmasına və mövcud müəssisələrin fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaradıb. Dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi, vergi yükünün azaldılması və müxtəlif təşviq mexanizmlərinin tətbiqi nəticəsində minlərlə yeni iş yeri yaradılıb. Bu addımlar həm də qeyri-neft sektorunun inkişafını sürətləndirərək ölkə iqtisadiyyatının dayanıqlığını artırıb.
Məlum olduğu kimi, Prezident kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
Sözügedən fərmanın əhəmiyyəti barədə fikirlərini Zefer.media ilə bölüşən iqtisadçı Eldəniz Əmirov bildirib ki, fərmanda edilən dəyişikliklərdən də görünür ki, bir neçə istiqamət üzrə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün müəyyən faydalar olacaq:
“Bunlardan birincisi, məhz faizə yönəlik xərlcərin subsidiyalaşdırılmasıdır, digər istiqamətdə isə kiçik və orta sahibkarlığın dəstəklənməsini qeyd edə bilərik.
Eyni zamanda, bu dəyişiklik kənd təsərrüfatı təyinatlı məhsulların istehsal həcminin artmasına məntiqi olaraq təkan verməlidir. Çünki burada bir çox istiqamətlər əhatə olunur, istər mineral gübrə, istər sertifikatlı toxum və digər məhsulların istehsalı və istifadəsi üçün münbit mühit yaranmış olur. Makro səviyyədə baxdıqda isə burada maliyyələşmə şəffaflaşması artır, eyni zamanda dövlət büdcəsinin planlı istifadəsi təmin olunur. Yəni bu iki istiqamət makro səviyyədə olan ölkə iqtisadiyyatı üçün müsbət istiqamətdir”.
Yeganə

















