Son dövrlərdə göz linzalarından istifadə edənlərin sayı xeyli artıb. Bəzi insanlar bunu gözlərindəki görmə problemlərinə görə məcburiyyət qarşısında etsələr də, digərləri daha estetik və fərqli görünmək məqsədilə linzalara üstünlük verirlər. Lakin təəssüf ki, istifadəçilərin böyük əksəriyyətinin linzalarla bağlı məlumatları kifayət qədər deyil. Bir çoxu linzanın keyfiyyətli olub-olmadığını ayırd etməkdə çətinlik çəkir, bəziləri isə istifadə qaydalarına düzgün əməl etmir.
Mövzuyla bağlı Zefer.media-ya açıqlama verən oftalmoloq Günay Əliyeva bildirib ki, keyfiyyətsiz linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb olur:

“İstifadə qaydalarına düzgün riayət olunmadıqda kontakt linzalar göz sağlamlığı üçün ciddi problemlər yarada, hətta korluğa səbəb ola bilər. Ümumiyyətlə, linzalar barədə qeyd etmək lazımdır ki, bəzi insanlar onlardan həddindən artıq qorxur, bəziləri isə heç bir təhlükə görmür. Halbuki bu məsələdə balanslı yanaşma vacibdir.
Əslində kontakt linzalardan qorxmaq lazım deyil. Bu məhsullar yüksək keyfiyyətlə hazırlanır. Lakin onların düzgün istifadə olunması və gigiyenik qaydalara riayət edilməsi olduqca vacibdir. Əgər istifadəçi gigiyenaya diqqət yetirərsə, gözlərini nəmləndirərsə və linzanı gündə səkkiz saatdan artıq taxmazsa, ciddi problem yaranmaya bilər. Məsələn, işə gedərkən linzanı taxıb, axşam evə qayıtdıqdan sonra çıxarmaq tövsiyə olunur. Bundan əlavə, dezinfeksiya məhlullarından düzgün istifadə edilməli və linzanın istifadə müddətinə ciddi əməl olunmalıdır. Əgər linza üç aylıqdırsa, üç aydan, bir aylıqdırsa bir aydan artıq istifadə edilməməlidir”.
Oftalmoloq, allergiyalı pasiyentlərə konservantsız göz damcılarından istifadə etməyi tövsiyə etdiyini qeyd edib:
“Oksigen mübadiləsi təmin etməyən linzaların istifadəsi isə gözlərdə qızartı, qaşınma, infeksiya riski, yad cisim hissi və görmə pozuntusu yarada bilər. Buna görə də mütəxəssislər kosmetik linzalardan müntəzəm istifadəni məsləhət görmürlər. Belə linzaların yalnız xüsusi hallarda, məsələn, toy kimi tədbirlərdə qısa müddət istifadə olunması daha məqsədəuyğun hesab edilir.
Bəzən pasiyentlər uzun müddət eyni linzadan istifadə etdiklərini bildirirlər. Məsələn, bir il ərzində linzanı dəyişmədiyini deyən insanlar olur. Bu isə son dərəcə təhlükəlidir. Belə hallarda buynuz qişanın infeksiyası yarana və nəticədə korluğa qədər gedib çıxa bilər”.
Bəs linzalardan necə istifadə etmək lazımdır ki, həm gözlərə zərər verməsin, həm də onların istifadə müddəti vaxtından əvvəl başa çatmasın?
Oftalmoloqun sözlərinə görə, əsas şərt linzaların təmiz saxlanmasıdır:
“Linzalar düzgün və gigiyenik şəkildə qorunduğu halda onların istifadə müddəti daha səmərəli olur. Bunun üçün xüsusi pinset və pompa vasitəsilə linza götürülərək gözə yerləşdirilməlidir. Linzanın saxlandığı məhlul mütəmadi olaraq dəyişdirilməli, linza taxılmamışdan əvvəl isə gözə damcı tökülməsi tövsiyə olunur. Bundan əlavə, linzaya dırnaqla və ya çirkli əllə toxunmaq qətiyyən məsləhət görülmür”.
Bəzi hallarda insanlar linzalarını bir-biri ilə paylaşırlar. Göz həkimi bildirib ki, bu, son dərəcə təhlükəlidir:
“Çünki bir istifadəçinin gözündə olan xəstəlik digərinə keçə bilər. Buna görə də bir şəxsin linzasından başqa birinin istifadə etməsi yolverilməzdir.
Bəzən gözəllik salonlarında və ya makiyaj zamanı da bu kimi hallarla qarşılaşmaq mümkündür. Belə hallarda istifadəçilərə yeni və steril məhsullar təqdim olunmalıdır. İnsanlar isə bu məsələdə diqqətli olmalı və şübhəli hallarda təklifdən imtina etməlidirlər. Çünki makiyaj fırçalarından və digər vasitələrdən də infeksiya keçə bilər. Amma kontakt linza məsələsi olduqca həssasdır. Bu sahədə gigiyenik qaydalara əməl edilmədikdə gözə infeksiya düşə və nəticədə ciddi fəsadlara, hətta korluğa səbəb ola bilər”.
Pərvin




