ABŞ-lə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik.
Bunu İran Prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Tehran münaqişənin diplomatik yolla həllinə inanır, lakin bunu təhdid və hərbi təzyiq şəraitində qəbul etmir.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, ABŞ-nin İrana qarşı siyasəti, Tehrana tətbiq olunan təzyiqlər və hərbi əməliyyatlar regionda yeni proseslərin yaranmasına səbəb olub:

“ABŞ-nin əsas məqsədlərindən biri İranda hakimiyyəti dəyişmək və Vaşinqton üçün münasib olan siyasi hakimiyyət formalaşdırmaqdır.
ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişmək və özünə münasib bir hakimiyyət qurmaqdır. İrana qarşı aparılan təzyiq və hərbi əməliyyatlar ABŞ-nin strateji planının tərkib hissəsidir. Amerika strategiyasına görə, ABŞ üçün təhlükə yaradan amillər aradan qaldırılmalıdır.
ABŞ üçün əsas təhlükələrdən biri də Çindir. Çinin iqtisadi gücü ABŞ üçün ciddi rəqabət yaradır. Çini iqtisadi cəhətdən zəiflətmək üçün onun enerji mənbələrinə çıxışını məhdudlaşdırmaq ABŞ-nin strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər. İranın enerji ixracında Çinin mühüm payı var.
Eyni zamanda ABŞ Hörmüz boğazına nəzarəti də əldə etmək istəyir. Çünki dünya enerji ticarətinin mühüm hissəsi bu boğazdan keçir. Əgər ABŞ Hörmüz boğazını öz təsir dairəsinə sala bilsə, qlobal enerji axınlarına ciddi təsir imkanına malik olar. Bu halda ABŞ-nin maraqlarına uyğun davranmayan dövlətlərin tankerlərinin boğazdan keçidi ilə bağlı problemlər yarana bilər.
ABŞ-nin İranda hakimiyyət dəyişikliyi siyasəti uzun müddətdir müzakirə olunur. Hətta hərbi əməliyyatların ilk günlərində ABŞ Prezidenti Donald Trampın İranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamaları oldu. Bu, beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Suveren dövlətin daxili hakimiyyətinin dəyişdirilməsi və onun yerinə başqa hakimiyyətin gətirilməsi işğalçılığın formalarından biri kimi qiymətləndirilə bilər.
İşğalçılığın müxtəlif formaları mövcuddur. Dövlətə hərbi müdaxilə etməklə yanaşı, müxtəlif siyasi və digər metodlarla ölkələri öz təsir dairəsinə salmaq cəhdlərinin də şahidi olmuşuq. Gürcüstan, Ermənistan, Ukrayna və Ərəb baharı çərçivəsində baş verən proseslərə bu kontekstdə yanaşmaq olar.
İranın isə özünü müdafiə etmək hüququ var. BMT Nizamnaməsinə əsasən, dövlətlərin özünümüdafiə hüququ mövcuddur. Hər bir xalq öz müqəddəratını təyin edir. İran xalqı da öz siyasi sistemini formalaşdırıb və bu dəyərlərlə idarə olunur. Bunun ABŞ-nin xoşuna gəlib-gəlməməsi İranın daxili seçimidir.
Təəssüf ki, bu gün ABŞ-nin dünyada imperialist siyasət apardığını görürük. Bunu Trampın Kanada ilə bağlı açıqlamalarında, Qrenlandiyanın ABŞ-nin nəzarətində olması ilə bağlı fikirlərində və Venesuela ilə bağlı atılan addımlarda da müşahidə etmək mümkündür. Bunlar dünyada xaos yaradan və imperialist siyasətin nümunələri kimi qiymətləndirilə bilər.
İranın özünü müdafiə etmək cəhdləri və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları siyasi baxımdan ABŞ üçün ciddi nəticələr yarada bilər. Bu siyasət Trampın siyasi imicinə də zərər vurur. Eyni zamanda onun həyata keçirdiyi siyasət ABŞ cəmiyyətində də müəyyən narazılıqlara səbəb olur.
Trampın seçkilərlə bağlı açıqlamaları da diqqət çəkir. O, qarşıdakı Konqresə aralıq seçkilərində Respublikaçılara səs verəcək seçicilərə 5 min dollar vəd edib. Bu, azad seçkilər və demokratik proseslər baxımından ciddi suallar yaradır. Hesab edirəm ki, seçicilərin maddi vədlərlə təsir altına alınması demokratiyaya zərbədir.
Trampın ABŞ ictimaiyyətində reytinqinin aşağı düşdüyünü də görürük. Qarşıdan Konqresə seçkilər gəlir. Əgər bu seçkilərdə Respublikaçılar məğlub olarsa və Demokratlar üstünlük əldə edərsə, Trampın impiçment məsələsinin gündəmə gəlməsi mümkündür. Çünki onun siyasəti həm daxili auditoriyada, həm də beynəlxalq ictimaiyyətdə ABŞ-nin nüfuzuna təsir göstərir.
İran ABŞ-nin diktəsi ilə davranmaq istəmir. Tehran bölgədə sülhün olmasını və Hörmüz boğazının sərbəst fəaliyyət göstərməsini istəyir, lakin bunu ABŞ-nin şərtləri ilə qəbul etmir. ABŞ uzun müddətdir İranı öz təsir dairəsinə salmağa çalışır və İran da buna müqavimət göstərir.
İranın Trampın şərtlərini qəbul etməməsi də onun siyasi mövqeyinə təsir edən amillərdən biridir. İran beynəlxalq hüquq çərçivəsində dialoqun və atəşkəsin tərəfdarı olduğunu bildirir. ABŞ isə güc amilinə əsaslanan siyasət yürüdür. Bu yanaşma İran tərəfindən qəbul edilmir.
İranın irəli sürdüyü yeddi şərtə gəldikdə isə hesab edirəm ki, onların hər biri beynəlxalq hüquq çərçivəsində əsaslandırıla bilər. ABŞ İranda hərbi əməliyyat keçirib və ölkəyə ziyan vurubsa, bununla bağlı kompensasiya məsələsi gündəmə gətirilə bilər. Həmçinin İranın dini liderinin öldürülməsi ilə bağlı ABŞ tərəfindən verilən açıqlamalar da ciddi hüquqi və siyasi mübahisələr doğurur.
Bəzi ekspertlər ABŞ-nin güclü dövlət olduğunu əsas gətirərək onun şərtlərinin qəbul edilməli olduğunu düşünürlər. Hesab edirəm ki, bu yanaşma yanlışdır. Dünyada beynəlxalq hüququn təsiri zəiflədikcə xaos artır və bunun nəticəsində bəşəriyyət ciddi problemlərlə üzləşir”.
Politoloq əlavə edib ki, Hörmüz boğazında baş verən proseslər də İranın özünümüdafiə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər:
“Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazında tankerlərin hərəkəti ilə bağlı belə problemlər yox idi. ABŞ İrana zərbə endirdikdən sonra İran da özünü müdafiə etmək məqsədilə boğazla bağlı addımlar atdı. Bunun nəticəsində dünya enerji bazarında qiymətlər yüksəldi və ABŞ-nin müttəfiqi olan dövlətlər də iqtisadi təzyiqlə üzləşdi.
İranın qarşıdakı razılaşma məsələsində də Trampın şərtlərini qəbul edəcəyini düşünmürəm. Çünki İran tərəfi hərbi əməliyyatlar zamanı dini liderin və mülki şəxslərin öldürüldüyünü bildirir. İran Prezidenti BMT Baş Assambleyasının 81-ci sessiyasında bu hadisələr zamanı öldürülən uşaqların görüntülərini nümayiş etdirərək məsələyə beynəlxalq ictimaiyyətin diqqətini çəkdi.
İran ABŞ-nin siyasətini dövlət terroru kimi qiymətləndirir və bu siyasətin qəbuledilməz olduğunu bildirir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu cür proseslərə etiraz etməlidir. Bu gün söhbət İrandan gedirsə, sabah başqa bir dövlət eyni vəziyyətlə üzləşə bilər. Fələstin, Qəzza, Suriya və Livanda baş verən proseslər də bu siyasətin nəticələri kimi qiymətləndirilə bilər.
Buna görə də ABŞ-nin dünyada xaos yaratdığını və dövlət səviyyəsində terror siyasəti həyata keçirdiyini düşünürəm. Bu, bəşəriyyət üçün təhlükəli tendensiyadır.
Bu baxımdan İranın Trampın şərtlərini qəbul edəcəyini düşünmürəm. İranın ABŞ-yə qarşı müqavimət göstərməsi isə ABŞ daxilindəki siyasi proseslərə də təsir edə bilər. Hesab edirəm ki, bu vəziyyət noyabr ayına qədər davam edə və Konqresə seçkilər ərəfəsində Tramp administrasiyası üçün əlavə siyasi problemlər yarada bilər”.
Aytən Yalçınqızı

















