Obsesif-kompulsif pozuntu (OKB) müasir dövrdə insanların gündəlik həyat keyfiyyətinə təsir göstərən ən geniş yayılmış psixoloji və psixiatrik problemlərdən biridir. Davamlı təkrarlanan düşüncələr, qorxular və davranışlar bir şəxsin həm emosional vəziyyətinə, həm də sosial həyatına ciddi təsir edə bilir. Əksəriyyət təkbaşına onda xilas olmağı bacarmır, sanki belə düşüncələrin əsirinə çevrilir.
OKB-nin yaranma səbəbləri, əlamətləri və müalicə üsulları barədə Zefer.media – ya açıqlama verən psixoloq Aytən Ələkbərova OKB – nin insanın düşüncəsinə təsir edən psixoloji vəziyyət olduğunu diqqətə çatdırıb:

“Ümumiyyətlə, obsesif-kompulsif pozuntu ilk növbədə psixoloji və psixiatrik xarakter daşıyan bir narahatlıqdır. Bu vəziyyət qısaldılmış formada OKB adlandırılır. İnsan müəyyən bir fikir üzərində həddindən artıq və davamlı şəkildə düşünür, obsesif düşüncələr onun davranışlarını idarə etməyə başlayır və nəticədə təkrarlanan hərəkətlər meydana çıxır. Burada özünü göstərən əsas məqam ilk növbədə ruhsal narahatlıqdır.
Həmin ruhsal gərginlik müxtəlif formalarda özünü büruzə verə bilər. Məsələn, bəzi insanlar əllərini dəfələrlə yuyur, bəzi hallarda isə psixodermatoloji problemlər yaranır. İnsan nə qədər sakitləşməyə çalışsa da, bədəndə qaşınmalar davam edir. Digər hallarda isə “pulum qurtaracaq” düşüncəsi ilə bağlı güclü qorxu və təşviş hissləri meydana çıxır. Bu artıq şüuraltında formalaşan bir vəziyyətdir.
Məlumdur ki, bu hal psixiatrik pozuntu hesab olunduğuna görə mütləq şəkildə həkim və psixiatr müdaxiləsi tələb edir. Əgər sözügedən vəziyyət bir neçə gün davamlı şəkildə təkrarlanırsa, zamanla insanın xroniki düşüncə modelinə çevrilə bilir. Adıçəkilən proqramlaşma nəticəsində müəyyən vərdişlər formalaşır və həmin vərdişlər öz növbəsində təşviş, həssaslıq və digər psixoloji problemlərin yaranmasına səbəb olur”.
Psixoloq, bu cür hallarda mütəxəssis dəstəyi vacibliyini vurğulayıb :
“Baş verən hər hansı vəziyyətin öhdəsindən gəlmək üçün mütəxəssisə müraciət etmək vacibdir. Çünki insanın psixi xüsusiyyətlərinə uyğun şəkildə araşdırılmalıdır ki, sözügedən hallar hansı səbəbdən yaranıb və hansı mərhələlərdən keçərək formalaşıb. Məqsəd həmin düşüncə və davranışları idarə edərək insanı bu vərdişlərdən uzaqlaşdırmaqdır.
Təbii ki, burada müxtəlif proqramlaşma mərhələləri mövcuddur və onlarla peşəkar şəkildə işləmək lazımdır. Eyni zamanda, bəhs etdiyimiz vəziyyət hər fərddə fərqli formada özünü göstərir. OKB-nin yüngül başlanğıc mərhələsi də var, ağırlaşmış forması da mövcuddur. Müasir psixologiyada OKB-nin müalicəsində ən effektiv üsullardan biri insanı olduğu kimi qəbul etmək və onun da özünü olduğu kimi qəbul etdirməsinə şərait yaratmaqdır. Daha sonra isə koqnitiv terapiya vasitəsilə davranışlarda yaranan pozuntuların aradan qaldırılması istiqamətində iş aparılır.
Ağırlaşmış hallarda isə kompleks müalicəyə ehtiyac yaranır. Bu zaman psixoloqun korreksiya prosesi və psixiatrın müalicəsi birlikdə tətbiq olunur ki, insan qeyd etdiyimiz çətin vəziyyətdən daha sürətli şəkildə çıxa bilsin. Çünki bu problemi yaşayan insan daxilində ciddi bir narahatlıqla mübarizə aparır. Həmin narahatlıq bəzən insanı özündən uzaqlaşdırır. İntihar anlayışı yalnız fiziki zərər verməklə məhdudlaşmır. Düşüncələrin də intiharı olur ki, bu da insanın düşüncə dünyasını uzunmüddətli şəkildə iflic edə bilir”.
A. Ələkbərova sonda həmin xəstəliyin qarşısının alınması üçün hər bir fərdin xüsusiyyətlərinə uyğun psixoloji və psixiatrik yardım göstərilməsinin vacib olduğunu əlavə edib.
Pərvin Hacıyeva

















