Cəmiyyət

Narkomaniyaya qarşı mübarizə: Gəncləri necə qoruyaq?

17 Mart 2026, 18:4512
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Narkomaniya XXI əsrin ciddi sosial problemlərindən biridir. Bu bəla yalnız istifadəçilərin həyatını deyil, həm də cəmiyyətin mənəvi və psixoloji sağlamlığını təhdid edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə prioritet məsələlərdən biri kimi aparılır və dövlət, ictimaiyyət və media birlikdə bu sahədə tədbirlər həyata keçirir.

Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən sosioloq, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı narkomaniyanın bu gün ən böyük qlobal problemlərdən biri olduğunu qeyd edib:

“Çox təəssüf ki, narkomaniya bu günün ciddi problemlərindən biridir və bütün dünyada istifadəçilərinin sayı və miqyası artır. Bu isə öz növbəsində çoxsaylı sosial, mənəvi və psixoloji problemlər, hətta faciələrə səbəb olur. Ona görə də narkomaniyaya qarşı mübarizə əsas prioritetlərdən biri olmalıdır və Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilir.

Son dövrlərdə xüsusilə Daxili İşlər Nazirliyi tərəfindən Narkomaniyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən genişmiqyaslı kampaniyalar həyata keçirilir. Bu çərçivədə küllü miqdarda narkotik vasitələr dövriyyədən çıxarılaraq zərərsizləşdirilmiş, minlərlə narkotik vasitə ilə məşğul olan şəxs aşkar edilərək cəzalandırılmışdır.

Bununla belə, bu sahədə tam nəzarət dünyanın heç bir ölkəsində mümkün deyil. Narkotik satan və idxal edən şəxslər həmişə yollar taparaq bu maddələri yaymağa çalışırlar. Dövlət hər bir insanın fəaliyyətini tam şəkildə izləyə və yüzdə yüz qarşısını ala bilməz. Hətta 90–95% qarşısını almaq mümkün olsa da, qalan 5–10% yenə də gənclərə zərər verir.

Buna görə də narkomaniyaya qarşı mübarizədə dövlətlə yanaşı, bütün cəmiyyətin iştirakı vacibdir. Bütün vətəndaşlar, ictimai institutlar, qeyri-hökumət təşkilatları, media və valideynlər uşaqlarla nəzarəti gücləndirməlidir. Müəyyən dövrlərdə uşaqlar tibbi müalicədən keçirilməli, onlara sağlam mühit yaradılmalıdır ki, narkotik maddələrə meyl formalaşmasın.

Uşaqların düzgün istiqamətləndirilməsi, vaxtlarının səmərəli təşkili, idman və yaradıcı fəaliyyətlərə cəlb olunması, ictimai sosial işlərdə iştirakları təmin edilməli və valideynlər onların ətrafı və dostları barədə məlumatlı olmalıdır. Belə bir vəziyyət yaradılmalıdır ki, gənclərdə narkotik maddələrə maraq qalmasın və onlar bunun dəhşətli nəticələrini dərk etsinlər”.

Sosioloq, həmçinin medianında narkomaniyanın təhlükəsini uşaqlara və gənclərə çatdırmalı olduğunu vurğulayıb:

“Eyni zamanda, televiziyalar və media bu sahədə məlumatlandırıcı materiallar, süjetlər və verilişlər hazırlamalıdır ki, narkomaniyanın təhlükəsi uşaqlara və gənclərə çatdırılsın və profilaktik tədbir kimi əhəmiyyəti başa salınsın. Qeyd olunmalıdır ki, bəzi narkotik mafiyalar narkotik maddələri müxtəlif şirniyyat və digər vasitələrlə yayaraq asılılıq yaradırlar. Son dövrlərdə süni narkotik maddələr daha çox asılılıq yaradır və faciələrə səbəb olur, buna görə diqqət artırılmalıdır.

Əsas məsələlərdən biri reabilitasiyadır. Narkotik asılılığından qurtulmaq istəyənlər dövlət tərəfindən dəstəklənir. Müxtəlif reabilitasiya mərkəzləri və dispansiyalar tibbi və psixoloji dəstək göstərir və onların cəmiyyətə adaptasiyası təmin olunur. Bu şəxslər müəyyən müddət nəzarət altında olsa da, sosial və humanitar işlərdə iştirak etməli, cəmiyyətə fayda verdiklərini dərk etməlidirlər. Bu yolla onların təcrübələri başqalarına dərs ola bilər”.

Sonda E. Bayramlı narkomaniyaya qarşı mübarizənin üç istiqamətdə aparılmalı olduğunu bildirib: ” Mövcud narkomaniyanın qarşısının alınması ;Narkomanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası; Potensial narkomanların, xüsusilə uşaqların və gənclərin profilaktik marifləndirilməsi.
Dövlət və cəmiyyət bu üç istiqamətdə birgə fəaliyyət göstərsə, narkomaniyadan tamamilə qurtulmaq mümkündür və Azərbaycanda bu problemin miqyası əhəmiyyətli dərəcədə azalacaq”.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600