Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür.
Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, kompleks Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də açılıb. Burada “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, ASAN kafe fəaliyyət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 3 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə 400-ə yaxın xidmət həyata keçirilir. Vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 300 minə yaxın vətəndaş yararlanıb.
Mərkəzə gündəlik orta müraciət sayı 1200-dən çoxdur.
Fəaliyyət müddəti ərzində mərkəzdə 1000-ə yaxın könüllü məzun olub.
“ABAD” publik hüquqi şəxsin regional mərkəzlərindən biri olan Masallı “ABAD” mərkəzi regionda qida istehsalı və sənətkarlıq sahəsində fəaliyyət göstərən ailələrə dəstək göstərir.
Mərkəz tərəfindən qida istehsalı ilə məşğul olan 10 ailəyə müasir avadanlıqlarla təchiz edilmiş monoblok-konteynerlər təqdim olunub. Konteynerlərdə pendir, kolbasa və sosiska, turşular, mürəbbə məhsulları istehsal edilir.
Əlavə olaraq Masallıda müxtəlif sənətkarlıq sahələrində çalışan 9 sənətkarın məhsullarının satışına dəstək göstərilir.
Hazırda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 101 milyondan çox müraciəti daxil olub.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.


















