İmtahan dövrü tələbələr və şagirdlər üçün ən stresli mərhələlərdən biri hesab olunur. Bu dövrdə gərginlik, narahatlıq və yorğunluq bəzən daha ciddi psixoloji vəziyyətlərə də səbəb ola bilər. Mütəxəssislərin fikrincə, güclü stress bəzi hallarda panik atakların yaranmasına gətirib çıxara bilir.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov qeyd edib ki, imtahan dövrü abituriyentlər və şagirdlər üçün həqiqətən də psixoloji baxımdan həssas mərhələdir:

“Bu mərhələdə narahatlıq müəyyən həddə qədər normal sayılsa da, bəzən həmin gərginlik panik atak və ya güclü təşviş reaksiyası ilə özünü göstərə bilər. Panik atak zamanı ürəkdöyünmənin sürətlənməsi, nəfəs darlığı, sinədə sıxılma, başgicəllənmə, əllərdə titrəmə, tərləmə, bədəndə gərginlik, “nəsə pis olacaq” hissi və nəzarəti itirmək qorxusu kimi əlamətlər müşahidə oluna bilər. Bəzi gənclərdə buna əlavə olaraq yuxu pozuntusu, tez yorulma, diqqətin dağılması, aqressiya, ağlama tutmaları və ümidsiz düşüncələr də ortaya çıxa bilər.
İmtahan dövründə stresi azaltmaq üçün ilk növbədə vəziyyəti həddindən artıq fəlakətləşdirməmək vacibdir. İmtahana həyatın sonu kimi yox, müəyyən mərhələ kimi yanaşmaq lazımdır. Çünki imtahanın məqsədi insanı “kəsmək” deyil, bilik və hazırlıq səviyyəsi fonunda seçim və rəqabət mühiti yaratmaqdır. Gənclər nəfəs məşqlərindən istifadə edə, yuxu rejimini qoruya, hazırlıq saatlarını real planla qura, fasilələr verə və özlərini davamlı müqayisə ilə yormaya bilərlər. Rahat nəfəs almaq, bədəni sakitləşdirmək və düşüncəni “mən bacarmayacağam” xəttindən “əlimdən gələni edirəm” xəttinə keçirmək çox önəmlidir. İmtahana həddindən artıq məna yükləmək gərginliyi artırır, bəzən məhz bu yanaşma panikanı gücləndirir”.
Psixoloq əlavə edib ki, valideyn və müəllim dəstəyi bu dövrdə həlledici rol oynayır:
“Ən böyük səhvlərdən biri gəncə davamlı təzyiq göstərmək, onu başqaları ilə müqayisə etmək və nəticəni şəxsi dəyər məsələsinə çevirməkdir. Valideynlərin gözləntiləri reallıqla uyğunlaşmayanda uşaqda həm təşviş, həm də özünü yetərsiz hiss etmə yarana bilər. Ona görə də gəncə “uğur qazanmalısan” mesajından çox, “biz sənin yanındayıq, nəticədən asılı olmayaraq dəyərlisən” mesajı verilməlidir. Müəllimlər isə qorxu dili ilə deyil, aydınlıq, istiqamət və motivasiya ilə dəstək olmalıdırlar. Gəncin psixoloji vəziyyətində ciddi dəyişikliklər, güclü təşviş, yuxusuzluq, panik epizodlar və ya depressiv əlamətlər görünərsə, artıq peşəkar psixoloji dəstəyə müraciət etmək düzgün addımdır”.
Aytən Yalçınqızı




