Ramazan ayının başlanğıcında bədən yeni qida ritmlərinə uyğunlaşır və enerjini düzgün idarə etmək önəm daşıyır. Səhər və axşam yeməklərinin vaxtı düzgün tənzimlənməli, həddindən artıq ağır qidalar əvəzinə daha balanslı və həzmə rahat qidalar seçilməlidir.
Ramazan ayında düzgün və balanslı qidalanma ilə bağlı Zefer.media-ya açıqlama verən həkim-dietoloq Şəfa Yadigarova Ramazanın başlanğıc dövrünün oruc tutanlar üçün ən vacib mərhələ olduğunu vurğulayıb:

“Birinci on gün oruc zamanı xüsusilə önəm daşıyır. Bu dövrdə insanlar daha çox imsaka üstünlük verməlidirlər. İmsak, günəş çıxmamışdan əvvəlki vaxtdır və bədənimiz oyanma dövrünə keçir. Bu zaman yüngül qidalar qəbul etmək tövsiyə olunur: tərəvəzlər, bişmiş meyvələr, həmçinin bişmiş və ya çiy tərəvəzlər sərbəst şəkildə yeyilə bilər. Həmçinin müxtəlif sıyıqlar – yulaf, boz düyü, bulqur və ya kinoa sıyıqları – zövqə uyğun olaraq qəbul edilə bilər”.
Dietoloq orucu açarkən qəbul etdiyimiz yeməklərin növünə və yeməklər arasındakı fasilələrə də diqqət yetirməyin vacibliyini qeyd edib:
“İftar zamanı isə bədənin funksiyaları zəifləməyə doğru gedir. Bu dövrdə mədə, mədəaltı vəzi, qaraciyər və digər orqanları yükləmək düzgün deyil. İftarda ilk növbədə su balansını bərpa etmək vacibdir; su ilıq halda qəbul edilməlidir. Daha sonra yüngül bir sıyıq – məsələn, mərci, bulqur, çorba, dovğa və ya zövqə uyğun digər sıyıqlar – qəbul oluna bilər. Təxminən 15–20 dəqiqə sonra isə ikinci yeməyə keçilir.
İkinci yeməyə birbaşa keçmək bədəni yükləyə bilər, çünki fermentlərin sintezi üçün müəyyən vaxt tələb olunur. Bu səbəbdən su içildikdən təxminən 10 dəqiqə sonra yeməyə başlamaq məsləhətdir. Eyni qayda quru yeməkdən sonra da tətbiq olunur: ikinci yeməyə keçmək üçün 15–20 dəqiqə fasilə verilməlidir”.
Pərvin




