Cəmiyyət

Çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi təklif olunub

18 Mart 2026, 16:3910
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə verilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir ki, bu da əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib. Bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsi təklif olunur. Vüqar Bayramov bildirir ki, təşəbbüsə əsasən çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün hesab olunur.

Mövzu ilə bağlı “Zefer.media” –ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, əhalinin təbii artım sürətinin azalması və ailələrdə uşaq sayının düşməsi müxtəlif amillərlə bağlıdır:

“Bu amillərin bir hissəsi sosioloji faktorlarla izah olunur. Məsələn, əhalinin rifah səviyyəsinin artması ilə uşaq sayının azalması arasında müəyyən əlaqə müşahidə edilir. İnkişaf etmiş ölkələrdə ailələrdə uşaqların sayı daha az olur. Eyni zamanda təhsil səviyyəsinin yüksəlməsi ilə ailədə uşaq sayı arasında tərs mütənasiblik mövcuddur. Ailələr nə qədər təhsilli və dünyagörüşlü olursa, onların daha az uşaq sahibi olması tendensiyası müşahidə edilir. Bununla yanaşı, iqtisadi amillər də mühüm rol oynayır. Bu səbəbdən bir çox ölkələrdə hökumətlər təbii artımın azalmasının qarşısını almaq üçün müxtəlif təşviq mexanizmlərindən istifadə edir və bu təcrübələrin Azərbaycanda da tətbiqi mümkündür. Hazırda ölkədə təbii artımın azalması ilə bağlı müəyyən narahatlıqlar var. Əgər 1990-cı illərdə hər min nəfərə 24 doğum düşürdüsə, indi bu göstərici 6–7 nəfərə qədər azalıb. Proqnozlara görə, növbəti 25 ildə əhalinin yaşlılıq səviyyəsi artacaq, məktəb yaşlı uşaqların sayı isə azalacaq. Bu isə əhalinin yaşlanması deməkdir və iqtisadi inkişaf üçün arzuolunan tendensiya hesab edilmir. Buna görə də bu istiqamətdə təşviqedici siyasətlərin həyata keçirilməsi vacib hesab olunur”.

Həmçinin iqtisadçı ekspert qeyd edib:

“Burada yalnız ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması deyil, digər sosial faktorlar da nəzərə alınmalıdır. Məsələn, Azərbaycanda orta təhsil rəsmi olaraq ödənişsiz olsa da, bir çox ailələr təhsil sistemindəki problemlərə görə repititor xidmətlərindən istifadə etməyə məcbur qalır. Bu isə ailə büdcəsinə ciddi yük yaradır. Orta hesabla bir uşağın repititor xərci aylıq 250–300 manat civarında dəyişir. Bundan əlavə, uşaqların keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı kimi məsələlər də vacibdir. Bu baxımdan hökumət müəyyən şərtlər nəzərə alınmaqla uşaq pulu mexanizmini tətbiq edə bilər. Dünyada və Azərbaycanda ailə modelləri də dəyişir və bir çox ölkələrdə artıq üç və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. Statistikaya görə, Azərbaycanda ailələrin böyük hissəsi iki uşaqlı ailələrdir və müəyyən təşviq mexanizmləri tətbiq olunarsa, bu ailələrin bir qisminin üç uşaqlı ailəyə çevrilməsi mümkündür. Hesablamalara görə, üç və daha çox uşağı olan ailələrin sayı təxminən 400 min civarındadır və bu ailələrdə 1,3–1,4 milyon uşaq var. Müəyyən meyarlar tətbiq olunmaqla belə proqramın illik maliyyələşməsi təxminən 1–1,5 milyard manat vəsait tələb edə bilər. Bu vəsait dövlət büdcəsindən səmərəli istifadə, resurs gəlirlərinin bölüşdürülməsi və Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına təmin oluna bilər. Belə bir mexanizm sosial rifahın yaxşılaşdırılmasına, regionlarda həyat şəraitinin yüksəlməsinə, uşaqların keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışının genişlənməsinə və ümumilikdə insan kapitalının inkişafına müsbət təsir göstərə bilər”.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600