Son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivi yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, Vladimir Putinin İlham Əliyevlə telefon danışığı və Azərbaycanın ərazisi üzərindən İrana humanitar yardım göndərilməsi məsələsi diqqət çəkib. Bu addımın regiondakı siyasi münasibətlərə və xüsusilə Rusiya–Azərbaycan əlaqələrinin gələcək inkişafına necə təsir edəcəyi isə maraq doğurur.
Mövzu barədə Zefer.media-ya açıqlama verən siyasi şərhçi Aytən Qurbanova hazırkı geosiyasi şəraitdə bu əməkdaşlığın regionda qarşılıqlı maraqlara əsaslanan münasibətlərin əhəmiyyətini göstərdiyini bildirib:

“Mövcud geosiyasi reallıqlar fonunda belə əməkdaşlıq təşəbbüsləri Cənubi Qafqaz və Xəzər hövzəsində qarşılıqlı maraqlara əsaslanan praqmatik münasibət modelinin aktuallığını bir daha nümayiş etdirən mühüm hadisədir. Azərbaycanın bu prosesdə tranzit ölkə kimi çıxış etməsi isə ilk növbədə ölkəmizin formalaşdırdığı müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi kimi dəyərləndirilə bilər.
Belə ki, ölkəmiz region dövlətləri arasında qarşıdurmaların dərinləşməsinə deyil, əməkdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan münasibətlərin qurulmasına üstünlük verir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın logistika və nəqliyyat infrastrukturu, xüsusilə də Şimal–Cənub və digər regional nəqliyyat marşrutları ölkəmizi mühüm geoiqtisadi və geosiyasi körpüyə çevirir”.
Politoloq, humanitar və tranzit əməkdaşlığının dövlətlər arasındakı etimadın güclənməsinə və münasibətlərin inkişafına təsir edə biləcəyini qeyd edib:
“Eyni zamanda, humanitar və tranzit xarakterli əməkdaşlıq təşəbbüsləri tərəflər arasında etimadın möhkəmlənməsinə və münasibətlərin daha konstruktiv müstəvidə inkişafına töhfə verə bilər. Digər tərəfdən isə Azərbaycanın bu prosesdə iştirakı ölkəmizin regional siyasətdə məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyən mühüm məqamdır.
Beləliklə də, Azərbaycan həm Rusiya, həm də İran ilə münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan mövqeyini davam etdirir. Bu yanaşma Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionda sabitlik və iqtisadi inteqrasiyanın təşviqinə də xidmət edir”.
Sonda A. Qurbanova dövlət başçıları arasındakı telefon danışığında müzakirə olunan tranzitin birgə fəaliyyətinin həm texniki, həm də regional siyasi koordinasiyanın göstəricisi olduğunu vurğulayıb:
“Nəticə etibarilə, dövlət başçıları arasındakı telefon danışığında müzakirə olunan tranzit əməkdaşlığı təşəbbüsü yalnız texniki-logistik məsələ kimi deyil, eləcə də regionda formalaşan yeni siyasi koordinasiya formatlarının göstəricisi kimi qiymətləndirilə bilər”.
Pərvin

















