“Son günlər ABŞ-İran arasında gərginlik kifayət qədər yüksək səviyyədədir. Hərbi eskalasiya riski hər gün artmaqdadır. Məlumdur ki, ABŞ bölgəyə ciddi qüvvələr göndərib və artıq ikinci aviadaşıyıcı gəmi də bölgəyə yönəlməkdədir”.
Bu fikirləri Zefer.media-ya açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O, qeyd edib ki, dünən ABŞ prezidenti “Sülh Şurası”ndakı çıxışında da İrana təxminən 10 gün vaxt tanıdğını və bu müddət ərzində razılaşmanın əldə olunmadığı təqdirdə çox pis halların baş verəcəyini bildirdi:
“Hazırkı şəraitdə danışıqlar getsə də, tərəflər bu danışıqlar prosesini konstuktiv adlandırsa da, hərbi gərginliyin artdığını görməkdəyik. Bu baxımdan hərbi toqquşma riski kifayət qədər yüksəkdir”.
O.Qasımovun sözlərinə görə, İran böyük bir dövlətdir və ona qarşı aparılan əməliyyatlar şübhəsiz ki, regiona da təsir edəcək:
“Bu savaş qısa müddətdə olacaqsa, o zaman təsirləri də az olacaq. Əməliyyatlar uzun sürdüyü halda isə bölgə proseslərdən ciddi şəkildə təsirlənə bilər. Nəzərə alsaq ki, burada ən təhlükəli məqamalardan biri İranın Hörmüz boğazında hansısa bir körfəzi qapatmaqla bağlı cəhdlərə yol verməsidir. Belə bir addım atılarsa, bu, dünya enerji bazarında ciddi dalğalanmalara gətirib çıxara bilər. Bu da dünya enerji təminatında ciddi sıxıntıların yaranması deməkdir. Eyni zamanda İran tərəfindən bəyan edildiyi kimi, Amerika İrana hücum edərsə, o zaman müharibə sərhədləri aşacaq. Bu, o deməkdir ki, İran qonşu dövlətlərin ərazisində ABŞ maraqlarını və hərbi bazalarını hədəf ala bilər. Bütün bunlar da regional gərginlik deməkdir. Ona görə də hazırkı situasiya kifayət qədər kritikdir”.
Yeganə

















