ABŞ-də aralıq seçkilərində demokratların qələbəsi prezident Donald Trampın İrana qarşı yeni hərbi əməliyyat qərarını çətinləşdirə bilər.
Bunu Cenevrə Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (GIPRI) katibi və Cenevrə Tətbiqi Elmlər Universitetinin (SWISS UMEF) professoru İşem Lemisi deyib.
“Tramp hərbi gücə əl atmaq istədikdə, Konqresə müraciət etməli olacaq. İndi onun İranla konflikti başlatması olduqca çətin olacaq. Qanunverici hakimiyyəti aşmalı və Konqresin təsdiqi üçün vaxt məhdudiyyətlərindən yararlanmalıdır”, – ekspert bildirib.
Onun sözlərinə görə, əgər Tramp güclü demokrat çoxluğuna malik yeni Konqres çərçivəsində hərbi əməliyyatlar apararsa, bu, prezidentin ABŞ-də mövcud siyasi reallığı aşmaq cəhdi kimi qəbul edilə bilər.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, ABŞ-də hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, İrana qarşı münasibət eyni siyasi ssenari üzərində hərəkət edib:
“İstər demokratlar hakimiyyətdə olsun, istərsə də respublikaçılar, İranda hakimiyyəti dəyişmək ssenarisi həmişə gündəmdə olub. Demokratlar da, respublikaçılar da hakimiyyətdə olduqları dövrdə İrana qarşı təzyiqlər göstəriblər və müxtəlif bəhanələrlə bu təzyiqləri gündəmdə saxlayıblar.
Bəzi hallarda İranın terrorçuları dəstəkləməsi, bəzi hallarda demokratik dövlət olmaması və insan hüquqlarının pozulması, digər hallarda isə İsrailə qarşı təhlükə mənbəyi olması əsas gətirilərək İrana qarşı sanksiyalar tətbiq olunub. Məqsəd İranda sosial vəziyyəti gərginləşdirmək və hakimiyyəti dəyişmək olub.
Bu ssenari özünü doğrultmadığına görə Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar İranın uranı zənginləşdirməsini bəhanə edərək ölkədə hərbi əməliyyatlara başlanıldı. Tramp açıq şəkildə bəyan etmişdi ki, məqsədləri İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir hakimiyyət qurmaqdır.
Aparılan hərbi əməliyyat hərbi və siyasi baxımdan fiaskoya uğradığına görə bu proses həm Amerika cəmiyyətində, həm də beynəlxalq ictimaiyyətdə ciddi rezonansa səbəb oldu. Çünki İranın da özünü müdafiə etmək hüququ var. İran Hörmüz boğazını bağlamaqla dünyada iqtisadi xaos yaratdı.
Hörmüz boğazının bağlanması İranın özünümüdafiə tədbirlərinin tərkib hissəsidir. Bildiyiniz kimi, dünyanın enerji resurslarının, o cümlədən neftin təxminən 20 faizi bu boğazdan keçir. Boğazın bağlanması dünyada neftin qiymətinin yüksəlməsinə, həmçinin ABŞ-də yanacağın bahalaşmasına səbəb oldu. Eyni zamanda, Amerikanın müttəfiqləri də Trampın apardığı siyasətə etiraz etdilər.
Trampın apardığı xarici siyasət Amerikanın beynəlxalq imicinə böyük zərbə vurdu. Demokratların seçkilərdə, daha doğrusu, aralıq Konqres seçkilərində həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə etməsi Trampın əl-qolunu bağlayacaq.
Əslində, Tramp seçkilər ərəfəsində çalışırdı ki, İranla hər hansı bir sənəd imzalasın, bunu da Amerika cəmiyyətinə qələbə kimi təqdim edərək respublikaçıların seçkidə nüfuzunu qaldırsın. İran isə Trampın bu təkliflərinə həmişə dirəniş göstərərək heç bir razılığa getmədi ”.

Politoloq əlavə edib ki, İranın Trampa qarşı müqaviməti, demokratların qələbəsi ilə nəticələnib:
“Amerika cəmiyyətində Trampın apardığı siyasət birmənalı şəkildə tənqid olunurdu. Hətta Amerika ekspertləri, siyasi ekspertlər və idmançılar da açıq şəkildə bəyan edirlər ki, Amerika dövləti İsrailin iradəsi ilə idarə olunur. Hətta İran əməliyyatının da İsrailin təzyiqi altında Amerikanın münaqişəyə cəlb edilməsi ssenarisi olduğu fikri gündəmə gətirilib.
Yəni demək istədiyim odur ki, artıq Amerikada keçirilən seçkilərdən sonra ölkənin həm xarici, həm də daxili siyasətində yeni siyasi situasiya yaranır. Ona görə ki, Birləşmiş Ştatların prezidenti artıq istədiyi şəkildə siyasi və hərbi-siyasi manevrlər edə bilməyəcək, onun əl-qolu bağlanacaq. Belə ki, istər Nümayəndələr Palatasında, istərsə də Senatda keçiriləcək dinləmələr vasitəsilə Trampın siyasi kursuna təzyiqlər ediləcək. İstər hərbi əməliyyatlar, istərsə də maliyyə vəsaitlərinin ayrılması ilə bağlı hesabatların dinlənilməsi, hesab edirəm ki, Trampın ciddi təzyiqlərlə üzləşməsinə səbəb olacaq.
Hətta Tramp açıq şəkildə İsrailə veriləcək 4 milyard dollarlıq maliyyə yardımını da artıq təxirə salmaqdadır. Rəsmi şəkildə İran əməliyyatına 40 milyard dollar xərcləndiyi barədə fikirlər səsləndirilsə də, qeyri-rəsmi məlumatlara görə, bu məbləğ artıq 100 milyard dollara çatır. Amerika cəmiyyəti Trampdan bunun hesabatını tələb edir. Təbii ki, Konqresdə keçiriləcək bu cür dinləmələr Trampa qarşı ciddi təzyiqlərə səbəb olacaq. Hətta hesab edirəm ki, Trampın impiçment məsələsi gündəmə gələcək.
Çünki Amerika tarixində Tramp kimi məsuliyyətsiz prezident olmayıb və onun qeyri-ciddi davranışları həm Amerika cəmiyyətində, həm də beynəlxalq aləmdə Amerikanın nüfuzuna böyük zərbə vurub. İndi təsəvvür edin, yeni bir şou yaradaraq papağının, kepkasının üzərinə “Veto” şüarı yazmaqla demokratlara mesaj vermək istəyir ki, qəbul etdiyi qərarlara qarşı veto hüququndan istifadə edərək qarşıdurma yaradacaq.
Bu cür siyasət, təbii ki, Amerikanın idarə olunmasına ciddi fəsadlar verəcək. Hesab edirəm ki, Trampın hakimiyyət müddətinin başa çatmasına qalan iki il ərzində o, vaxtından əvvəl hakimiyyətdən gedə bilər. Çünki impiçment məsələsi gündəmə gələrsə, respublikaçılar belə Trampın arxasında durmayacaqlar. Ona görə ki, bu gün respublikaçıların məğlubiyyəti Trampın apardığı xarici və daxili siyasətin məntiqi nəticəsidir.
Artıq Respublikaçılar Partiyasında da ciddi düşünən beyin mərkəzləri var və partiyanın yeni strategiyası müəyyənləşəcək. Çünki qarşıdan prezident seçkiləri də gözlənilir. Prezident seçkilərində məğlub olmamaq üçün artıq indidən Trampın hakimiyyətdən getməsini gündəmə gətirəcəklər ki, respublikaçılar siyasi manevr edə bilsinlər. Çünki istər Nümayəndələr Palatasında, istərsə də Senatda respublikaçıların məğlubiyyəti gələcək prezident seçkilərində də məğlubiyyətin əsasını qoyacaq.
Hətta respublikaçılar təkcə Konqresdə və Senatda deyil, ştatlarda da məğlub olublar. Bu baxımdan hesab edirəm ki, Respublikaçılar Partiyası özünün yeni strategiyasını müəyyən edəcək. Hətta impiçment məsələsi gündəmə gələrsə, hesab edirəm ki, Trampı dəstəkləməyəcəklər. Çünki respublikaçıların bu cür biabırçı məğlubiyyəti Trampın siyasi fəaliyyətinin nəticəsidir.
Ümumilikdə, istər Konqresdə, istərsə də Senatda demokratların qələbəsi Amerikanın ictimai-siyasi həyatında yeni dönəm olacaq. Hesab edirəm ki, qarşıda ciddi qarşıdurmalar və ittihamlar gözlənilir”.
Aytən Yalçınqızı

















