Rusiya Prezidenti Vladimir Putinin “General Armageddon” ləqəbli Sergey Surovikini Kiyevdəki körpülərə zərbələr endirilməsinə cəlb etdiyi ehtimal olunur. İddialara görə, məqsəd Dnepr üzərindən keçən körpüləri dağıtmaq və bununla da Kiyevi faktiki olaraq iki hissəyə bölməkdir.
Zefer.media Nexta TV – yə istinadən xəbər verir ki, The Telegraph nəşrində yayımlanan materialda Moskvanın Suriyada tətbiq etdiyi taktikanı təkrarlamağa çalışdığı ehtimal edilir. Bu taktikanın mahiyyəti mülki infrastruktura zərbələr endirməklə əhalinin həyat şəraitini dözülməz vəziyyətə gətirmək və Ukrayna hakimiyyətini güzəştlərə getməyə məcbur etməkdir.
Surovikin sərt müharibə üsullarına görə “General Armageddon” ləqəbini alıb. O, Rusiyanın Suriyadakı hərbi əməliyyatında iştirak edib. Həmin əməliyyat genişmiqyaslı dağıntılar və mülki şəxslərin ölümü ilə müşayiət olunub.
2023-cü ildə Yevgeni Priqojinin qiyamından sonra Surovikin Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırılıb və faktiki olaraq gözdən salınıb.
Bununla belə, Surovikinin geri qayıtması və sözügedən hücumlara rəhbərlik etmək üçün təyin olunması ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Pərvin Hacıyeva

















