İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı aviasiya itkilərinin rəsmi açıqlanan rəqəmlərdən daha çox olduğunu iddia edib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Araqçi oktyabrın 8-də X sosial şəbəkəsində paylaşım edərək ABŞ Konqresinin Araşdırma Xidmətinin (CRS) hesabatına istinad edib.
“May ayında ABŞ Konqresinin Araşdırma Xidməti İran Silahlı Qüvvələrinin 42 ABŞ hərbi hava vasitəsini sıradan çıxardığını etiraf edib. İndi isə onların sayı 81-dir”, – deyə İranın xarici işlər naziri yazıb.
Araqçinin sözlərinə görə, ABŞ aviasiyasının faktiki itkiləri açıqlanan rəqəmlərdən əhəmiyyətli dərəcədə çoxdur.
“Bunun sübutu? ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırda fəaliyyət göstərən senatora guya saz vəziyyətdə olduğu bildirilən hərbi bazaları yoxlamağa icazə vermir”, – deyə Araqçi qeyd edib.
ABŞ Konqresinin Araşdırma Xidmətinin oktyabrın 5-də yenilənmiş hesabatında isə 28 fevral 2026-cı ildən etibarən ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı 81 sabitqanadlı və ya helikopter tipli hərbi hava vasitəsinin, o cümlədən pilotsuz uçuş aparatlarının itirildiyi və ya zədələndiyi bildirilir. Hesabatda qeyd olunur ki, bu rəqəm sonradan dəyişə bilər və bəzi zədələnmiş hava vasitələri yenidən istismara qaytarılıb.
Beləliklə, CRS-in hesabatındakı 81 rəqəmi bütün hava vasitələrinin İran tərəfindən məhv edildiyi anlamına gəlmir. Hesabat ABŞ Müdafiə Nazirliyinin və CENTCOM-un açıqlamaları, Müdafiə Nazirliyinin Baş Müfəttişinin məlumatları, eləcə də media xəbərləri əsasında hazırlanıb.
Pərvin Hacıyeva


















