Rusiya NATO ölkələrinə qarşı təxribatlarını artıraraq açıq təcavüz səviyyəsindən aşağı hərəkət edir. Lakin kəskin eskalasiyaya səbəb olacaq səhv istənilən an mümkündür, bunu CNN-in beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş müxbiri Nik Paton yazıb.
Mövzu ilə bağlı Zefer.media – ya açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, NATO–Rusiya hərbi gərginliyi getdikcə dərinləşir və tərəflər arasındakı münasibətlərin hərbi toqquşmaya çevrilmə riski də təbii olaraq güclənir:

“Bu vəziyyət sülhün tərəfdarı olan bütün dövlətləri və beynəlxalq təşkilatları narahat edir və etməlidir.Aydındır ki, bu münasibətlərin hərbi müstəvidə daha da kəskinləşməsində Rusiyanın müstəsna rolu var. Çünki Rusiyanın Ukrayna müharibəsində bir taktika olaraq digər NATO üzvü olan ölkələrə təzyiq göstərməsinin əlamətlərini aydın görürük. Yəni Rusiya müharibədə birbaşa iştirak etməyən NATO ölkələrinə təzyiq göstərməyi bir taktik üsul kimi istifadə edir. Bu nöqteyi-nəzərdən Baltik ölkəsinə, Polşaya, Almaniyaya və bəzi qonşu NATO üzvü olan ölkələrə Rusiyanın təzyiq faktları getdikcə artır. Bunları müharibə ərəfəsində təxribat aktları kimi də dəyərləndirmək olar”.
Həmçinin müsahib açıqlamasında qeyd edib:
“Lakin Rusiyanın NATO ilə açıq və total müharibəyə getmək istəməsi real görünmür. Təbii ki, Rusiya NATO ilə blok olaraq açıq müharibəyə girməkdə maraqlı ola bilməz, lakin barışıq perspektivi də görünmür. Bu şəraitdə münasibətləri müharibə gərginliyi səviyyəsində saxlamaq Rusiyanın maraqları çərçivəsindədir. Rusiya bəzi NATO üyələrini təzyiq altında saxlamaqla, demokratik NATO ölkələrində hakimiyyətlə cəmiyyət arasındakı münasibətləri gərginləşdirməyə çalışır.Rusiya bu yolla NATO ölkələrindəki mülki cəmiyyəti mövcud hakimiyyətlərə karşı qaldırmaq, NATO-nu daxildən parçalamaq və onun Ukrayna məsələsində Rusiyanın əleyhinə daha ardıcıl iş aparmaq imkanlarını məhdudlaşdırmaq istəyir. Bir sözlə, Rusiya NATO ölkələrində xalqları hakimiyyətlərə qarşı inqilaba qaldırmaqla Ukrayna müharibəsində qələbə qazanmağa çalışır. Bu, Birinci Dünya Müharibəsində sınaqdan çıxarılmış bir taktikadır, lakin Rusiyanın bu taktikası nə dərəcədə özünü doğruldaq, bunu gələcək göstərəcək”.
Qəmər Kazımzadə

















