14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Zefer.media Veteran.gov.az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb.
Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.
Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib.
Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib.
Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib.


















