Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən qərar verilib.
Qərara əsasən, dərs və məşğələ müddətində təhsilalanların mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan istifadəsi qadağan edilir.
Qəbul olunan qaydalara münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Zefer.media-ya açıqlamasında deyib ki, belə bir qərarın alınması çox böyük əhəmiyyət daşıyır:

“Son dövrlər müşahidə edirik ki, şagirdlər auditoriyada telefondan istifadə etdiklərində fikirləri dərsdə olmur, yayınır və təhsil göstəriciləri aşağı düşür. Xüsusilə sözügedən qadağa təkcə Azərbaycanda deyil, demək olar, dünyanın təhsil göstəriciləri yüksək olan ölkələri, həmçinin MDB məkanına daxil olan ölkələr, türkdilli dövlətlərin bir neçəsində artıq bu tip qanunlar tətbiq edilməyə başlayıb. Düşünürəm ki, həmin qaydaların qəbulu effektiv nəticələr verəcək. Məktəblilər artıq telefon, digər elektron cihazlardan dərsin gedişatında istifadə edə bilməyəcəklər. Zəruri hallarda məktəbin öz avadanlıqları kompüter və s. ilə təhsilverənlər tərəfindən dərs prosesində yararlanmaq mümkün olacaq”.
Zərintac Mayisqızı

















