• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Qlobal çağırışlar və regional potensial fonunda Azərbaycan turizmi: Mövcud vəziyyət və perspektivlər

15 İyun, 26 / 12:00
A A

Yay mövsümünün başlaması ilə Azərbaycanda turizm sektorunda canlanma müşahidə olunur. Həm ölkədaxili, həm də xarici istiqamətlərə səyahət edənlərin sayı artır. Bununla yanaşı, regionda baş verən geosiyasi proseslər, nəqliyyat imkanları və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ölkənin turizm potensialına təsir göstərən əsas amillər sırasında yer alır. 

Azərbaycan, Şərqlə Qərbin qovuşmasında yerləşən müasir infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə və milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir ki, Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir. Digər hissə isə gələcəkdə artımdan xəbər verən regional turizmin payına düşür.

Dünya təcrübəsində yüksək gəlir əldə etmək potensialına malik olan turizm məhsulları və xidmətləri daim diqqət və istehlakçı istəklərinə uyğunlaşma tələb edir. Azərbaycan Respublikasında turizm məhsulunun inkişafı üçün özəl təşəbbüslərin dəstəklənməsi, yerli və regional səviyyədə əlverişli koordinasiyanın qurulması, bütün diqqətin istehlakçının tələbinə yönəldilməsi, məhsulun inkişafında regional və tematik hədəfin gücləndirilməsi, həmçinin maraqlı və cəlbedici məhsulların bir-biri ilə əlaqələndirilməsi vacib məqamlardandır. Ümumiyyətlə, Azərbaycanın bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır.

Turizmin mövcud vəziyyəti və gələcək perspektivlərlə bağlı Zefer.media – ya açıqlama verən turizm eksperti Rəhman Quliyev yay tətili mövsümünün başlaması ilə həm ölkədaxili, həm də xarici istiqamətlərə səyahətə marağın çoxaldığını qeyd edib :

“Azərbaycanda artıq yay tətili mövsümü başlayıb. Bir çox sahələrdə əməkdaşlar məzuniyyətə çıxır, vətəndaşlar isə həm ölkədaxili, həm də xarici səyahətlər üçün planlar qurur, hətta bir çoxları artıq istirahət paketlərini əldə ediblər.

Bu gün Azərbaycanda istər işğaldan azad olunmuş ərazilər, istərsə də Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar və Cənub bölgəsi kimi turizm potensialı yüksək olan məkanlar vətəndaşların və turistlərin diqqət mərkəzindədir. Azərbaycanda turizmin inkişafı üçün mühüm amillərdən biri ölkədə mövcud olan siyasi sabitlikdir. Biz artıq münaqişə dövrünü geridə qoymuşuq və hesab edirəm ki, bu sabitlik gələcəkdə də davam edəcək. Eyni zamanda təhlükəsizlik amili də böyük əhəmiyyət daşıyır. Azərbaycan bu gün dünyanın bir çox ölkələri tərəfindən etibarlı və təhlükəsiz ölkə kimi tanınır.

Əgər 10–15 il əvvəlki dövrlə müqayisə aparsaq, son illərdə Azərbaycanda turizmin sürətli inkişaf etdiyini görərik. Bəzən son aylarda ölkəyə gələn turistlərin sayında müəyyən azalma müşahidə olunsa da, bunun Azərbaycandan asılı olmayan səbəbləri mövcuddur. Körfəz ölkələrində baş verən hadisələr, dünyada müşahidə olunan siyasi böhranlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə yaşanan qarşıdurmalar, eləcə də bəzi Afrika ölkələrində pandemiya risklərinin yenidən gündəmə gəlməsi turistlərdə müəyyən narahatlıq yaradır. Bu amillər turist axınına birbaşa təsir göstərir.

Xüsusilə müharibələr turist axınının azalmasında ciddi rol oynayır. Belə ki, münaqişələrdən əvvəl Azərbaycana ən çox turist Körfəz ölkələrindən gəlirdi. Bundan əlavə, Asiya ölkələrindən həyata keçirilən bir çox uçuşlar Körfəz ölkələrinin hava məkanından istifadə etməklə reallaşdırılırdı. Hazırda isə həmin hava məkanlarının qismən və ya tam məhdudlaşdırılması, hava limanlarının fəaliyyətində yaranan məhdudiyyətlər aviareyslərin marşrutlarını uzadır. Nəticədə əvvəllər üç saat davam edən uçuşlar beş-altı saata qədər uzanır. Bu isə həm əlavə xərclər yaradır, həm də aviabiletlərin qiymətlərinin artmasına səbəb olur.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə hazırda böyük inkişaf və dirçəliş dövrü yaşanır. Bölgədə infrastruktur tam şəkildə yenidən qurulur və bərpa edilir. Dövlət üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Zəngilan Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı və Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bunun bariz nümunəsidir”.

Ekspert işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yol-infrastruktur layihələrinin həyata keçirildiyini və bunun turizm sahəsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb :

“Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə dünya standartlarına uyğun, müasir yol infrastrukturu formalaşdırılıb. Rayon mərkəzlərində geniş tikinti-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, küçələr yenidən qurulur. Bütün bu işlər dövlət tərəfindən həyata keçirilir. Vətəndaşlar üçün evlər tikilir, mebellə təmin olunur, işıq, qaz və su təchizatı təşkil edilir.

Eyni zamanda sahibkarlar üçün əlverişli şərait yaradılıb, müxtəlif vergi güzəştləri tətbiq olunur. Artıq bundan sonrakı mərhələdə sahibkarların və investorların üzərinə böyük məsuliyyət düşür. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət tərəfindən geniş tədbirlər həyata keçirilir.

Qarabağda inkişaf prosesi çox sürətlə gedir. Bu inkişaf bir çox hallarda gözləniləndən də daha sürətlidir. İnsanlar öz doğma yurdlarına qayıtmağa böyük maraq göstərirlər və biz hər gün Böyük Qayıdış prosesinin yeni mərhələlərinin şahidi oluruq. Bu marağın formalaşmasında dövlətin həyata keçirdiyi siyasətin mühüm rolu var”.

Rəhman Quliyevində vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilər təbiət, tarixi-mədəni irs baxımından turizmin inkişafı üçün çox perspektivli bir regiondur.Vətən müharibəsindən keçən zaman kəsiyində bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələri yaxın gələcəkdə regiona səfər edə biləcək yerli və xarici turistlərin sayının sürətlə artacağını güman etməyə əsas verir.

Müsahibin fikrincə, gələcəkdə Qarabağın əsas turizm potensialı termal və sağlamlıq turizmi sahəsində formalaşacaq:

” Çünki bölgədə zəngin mineral su ehtiyatları mövcuddur. Kəlbəcərin İstisu yataqları, Laçının Turşsu mənbələri, Zəngilanın Qotursu bulağı, Şuşanın İsa bulağı və digər çoxsaylı yeraltı mineral su mənbələri insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Bu suların tərkibi dünyanın məşhur termal və mineral bulaqları ilə müqayisədə daha zəngin hesab olunur. Buna görə də gələcəkdə Qarabağda termal turizmin geniş inkişaf perspektivlərinə malik olduğunu düşünürəm”.

İnsanların istirahətə, sağlamlığının yaxşılaşdırılmasına ehtiyacı, həyat şəraitinin yaxşılaşması ilə yanaşı, asudə vaxtının artırılması, insanların dünyanın coğrafi sərvətlərinin müxtəlifliyi ilə tanış olmaq istəyinin getdikcə artması, digər xalqların mədəniyyətinə və adət-ənənələrinə maraq son vaxtlar dünyada turist səfərlərinin artmasına və onların müntəzəm xarakter almasına xidmət etmişdir. Bunun nəticəsidir ki, turizm müasir dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biridir.

Turizm sektorunun ölkə iqtisadiyyatındakı rolu barədə danışan iqtisadçı Xalid Kərimli bu sahənin iqtisadiyyatda mühüm əhəmiyyətə sahib olduğunu bildirib :

“Turizm sektorunun ölkə iqtisadiyyatında rolu əhəmiyyətlidir. Lakin burada təkcə turizmin özündən deyil, turizmlə əlaqəli sahələrdən də danışmaq lazımdır. Yəni turizmə yalnız ayrıca bir sektor kimi baxmaq düzgün olmaz. Turizmə xidmət göstərən çoxsaylı əlaqədar sahələr mövcuddur. Bunlara ərzaq bazarı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, nəqliyyat xidmətləri, hava daşımaları, ölkədaxili nəqliyyat, əyləncə və iaşə sektoru daxildir.

Turizm yalnız otellərin və ya turizm agentliklərinin fəaliyyətindən ibarət deyil. Bu sahə bir çox digər istiqamətlərə də müsbət təsir göstərir. Turist ölkəyə gəlir, ticarət canlanır, mağazalardan müxtəlif məhsullar, geyim və aksessuarlar alınır və nəticədə iqtisadi dövriyyə genişlənir. Yəni turizm sektorunun çoxsaylı dolayı müsbət təsirləri mövcuddur.

Məhz buna görə də ölkələr turizmin inkişafı istiqamətində ciddi addımlar atır, bu sahəyə böyük investisiyalar yatırırlar. Azərbaycanda da turizmin iqtisadiyyatda müəyyən rolu var. Lakin təəssüf ki, qonşu Gürcüstanla müqayisədə bu rol xeyli zəifdir. Gürcüstan bu sahədə bizim üçün nümunə ola bilər”.

Həqiqətən də, turizmin yaratdığı bu zəncirvari effekt ölkədə yerləşdirmə obyektləri, ictimai iaşə, nəqliyyat və sanatoriya-kurort xidmətlərinin inkişaf səviyyəsində özünü aydın göstərir. Sektorun genişlənməsi ilk növbədə turistlərin yerləşdirilməsi bazasına birbaşa təsir edib. Belə ki, ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin çarpayı sayı mütəmadi artaraq 2011-ci ildəki 31 979 ədəddən, 2016-cı ildə 7,4% yüksəlişlə 40042-yə çatıb. ​Bu dinamika iaşə sektorunda da canlanma yaradıb; xüsusilə Bakıda yüksək keyfiyyətli restoran və kafelərin fəaliyyəti genişlənib, kiçik sahibkarlar tərəfindən bu sahəyə investisiya qoyuluşları artıb. Eyni zamanda, gələn turistlərin rahatlığı üçün geniş nəqliyyat seçimi təmin olunub ki, bura 2079 km dəmir yolu və 18 986 km avtomobil yolu şəbəkəsi daxildir. Həmçinin, Bakı limanı vasitəsilə Xəzəryanı ölkələrə, Volqa-Don və digər kanallarla isə dünya okeanına çıxış imkanları nəqliyyat daşımalarının əhatəsini böyüdür. Dolayı təsirlərin digər bir qolu kimi isə hazırda respublikada ümumi tutumu 9570 çarpayı olan 65 sanatoriya və istirahət müəssisəsi fəaliyyət göstərir ki, bu da turizmin iqtisadiyyatın müxtəlif qollarına verdiyi dəstəyin əyani sübutudur.

İqtisadçı , turizm sahəsinin rayonlar üzrə inkişaf etmə prosesində də vacib rol oynadığını diqqətə çatdırıb :

“Turizmin regional inkişaf baxımından da mühüm əhəmiyyəti var. Regionlarda yeni iş yerləri açılır, kənd təsərrüfatı məhsullarının satışına müsbət təsir göstərilir, ticarət inkişaf edir. Eyni zamanda regionlardan Bakıya işçi axınının qarşısının alınmasına və miqrasiya problemlərinin həllinə kömək edir. Turizm dayanıqlı və davamlı məşğulluq yaradır, regionların sosial-iqtisadi inkişafını dəstəkləyir.

Azərbaycanın turizm xidmətlərinin hazırkı vəziyyəti isə mövcud potensialından xeyli aşağı səviyyədədir. Bu, təəssüf doğuran haldır. Bunun səbəblərindən biri quru sərhədlərin bağlı qalmasıdır. Sərhədlərin nə üçün açılmaması ilə bağlı mən hələ də bir vətəndaş kimi təəccüblə izləyirəm.

Digər ciddi problem mövsümlülük məsələsidir. Hətta sərhədlər açılsa belə, mövsümlülük problemi turizmin inkişafına mane olan əsas amillərdən biri olaraq qalacaq. Bu problem həm turizm sektorunun inkişafını məhdudlaşdırır, həm də qiymətlərin yüksək, gəlirliliyin isə aşağı olmasına səbəb olur. Çünki Azərbaycanda yay mövsümü qısa müddət davam edir, qış turizmi mövsümü də uzun deyil.

Müqayisə üçün Türkiyə, Misir və Dubay kimi istiqamətlərə baxdıqda görürük ki, həmin ölkələrdə ilin böyük hissəsi turizm mövsümü hesab olunur. Dubayın turizm uğurunun əsas səbəblərindən biri də faktiki olaraq ilboyu mövsümün davam etməsidir. Azərbaycanda isə yay və qış mövsümlərinin qısa olması turizmin inkişafına ciddi maneə yaradır.

Digər problem nəqliyyat xərclərinin yüksək olmasıdır. Ölkəyə gəlib-getmək bahadır. Hazırda əsasən hava nəqliyyatından istifadə etmək mümkündür. Məsələn, Avropada bir ölkədən digərinə səyahət bəzən 30-70 dollar arasında başa gəldiyi halda, Azərbaycana səfər etmək bir neçə dəfə baha başa gəlir. Bu isə ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Ölkədaxili nəqliyyat xidmətlərinin qiymətləri də yüksəkdir. Son illərdə sərhədlərin bağlı qalması müəyyən mənada otel qiymətlərinin də artmasına təsir göstərib. İnsanların alternativ istiqamətlərə çıxış imkanlarının məhdud olması bəzi hallarda qiymətlərin yüksəlməsinə şərait yaradır.

Bundan əlavə, xidmət keyfiyyəti ilə qiymətlər arasında da müəyyən uyğunsuzluqlar mövcuddur. Ümumilikdə turizmin inkişafı üçün problemlərə kompleks şəkildə yanaşılmalıdır. Həm ölkəyə giriş-çıxış imkanları, həm nəqliyyat, həm də xidmət keyfiyyəti istiqamətində islahatlara ehtiyac var.

Yaxın Şərqdə baş verən hadisələrin də turizmə təsiri hiss olunur. Son beş ayın statistikasına baxdıqda Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayında ötən illə müqayisədə ciddi azalma müşahidə edilir. Halbuki həmin ölkələrdən gələn turistlər adətən daha yüksək alıcılıq qabiliyyətinə malik olurlar.

Bundan başqa, Yaxın Şərqdəki proseslər aviasiya sektoruna da təsir göstərərək uçuş qiymətlərinin bahalaşmasına səbəb olub. Çünki Yaxın Şərq uzun illər beynəlxalq nəqliyyat habı rolunu oynayıb. Sərnişinlər Dubay, Əbu-Dabi və ya Doha üzərindən tranzit keçərək digər ölkələrə rahat və nisbətən ucuz şəkildə səyahət edə bilirdilər”.

Sonda X.Kərimli qeyd edib ki, hazırkı vəziyyətdə həm yanacaq xərclərinin artması, həm də hava məkanları ilə bağlı yaranan problemlər uçuşların maya dəyərini xeyli yüksəldib. Onun sözlərinə görə, bəzi hava məkanlarının riskli və ya məhdud istifadədə olması marşrutların uzanmasına, bu isə əlavə xərclərin yaranmasına səbəb olur və nəticədə turizm sektoruna mənfi təsir göstərir.

Nəticə olaraq qeyd etmək olar ki, qlobal geosiyasi gərginliklər və logistik çətinliklər fonunda Azərbaycanın turizm sektoru mühüm bir sınaq və eyni zamanda transformasiya dövrünü yaşayır. Xarici amillərin yaratdığı məhdudiyyətlər fonunda ölkənin rəqabət qabiliyyətini qorumaq üçün həm hava nəqliyyatının əlçatanlığı, həm də xidmət-qiymət balansının tənzimlənməsi istiqamətində kompleks addımların atılması artıq zamanın tələbidir. Bununla belə, Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişi, xüsusilə bölgənin zəngin termal və sağlamlıq turizmi potensialı yaxın gələcəkdə daxili və xarici turist axını üçün tamamilə yeni bir coğrafi və iqtisadi drayver rolunu oynayacaq. Dövlətin strateji infrastruktur layihələrini özəl sektorun çevik investisiyaları ilə sintez edə bilmək, Azərbaycan turizmini mövsümlülük asılılığından qurtararaq onu ilboyu gəlir gətirən dayanıqlı bir sənayeyə çevirməyin əsas açarıdır.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Banner

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

İyun 15, 2026
Manşet

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

İyun 15, 2026
Siyasət

Türkiyə lideri Azərbaycanı təbrik edib

İyun 15, 2026
Gündəm

Türkiyə MN Azərbaycanı təbrik edib

İyun 15, 2026
Turizm

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: 20 tarixi məkan ziyarətçiləri axşam saatlarında qəbul edəcək

İyun 15, 2026
Gündəm

Şuşa Bəyannaməsi ortaq gələcəyin strateji yol xəritəsidir

İyun 15, 2026

XƏBƏR LENTİ

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

15 İyun, 26 / 14:01

Türkiyə MN Azərbaycanı təbrik edib

15 İyun, 26 / 13:59

Rusların hücumu ilə Dneprdəki məşhur Orqan və Kamera Musiqisi Evi zədələnib

15 İyun, 26 / 13:55

“İsrail Livana hücumları dərhal dayandırmalıdır”

15 İyun, 26 / 13:50

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15 İyun, 26 / 13:03

“Trampın razılaşması bizi öhdəlik altına salmır”

15 İyun, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.