Son dövrlərdə piylənmə ilə mübarizə və çəkini tənzimləmək üçün yeni yanaşmalar gündəmə gəlib. İnsanların həyat tərzi və qida vərdişləri dəyişdikcə, tibbdə fərqli vasitələr də öz rolunu artırır. Bu üsullar yalnız çəki itkisini deyil, həm də sağlam həyat tərzinin davamlılığını təmin etməyə kömək edir.
Mövzu barədə Zefer.media-ya açıqlama verən endokrinoloq Fərid Bayramov arıqlama iynələrinin beynəlxalq standartlara uyğun, piylənmənin müalicəsində istifadə olunan dərmanlar olduğunu qeyd edib:

“İstifadə etdiyimiz arıqlama iynələri FDA tərəfindən təhlükəsizliyi təsdiqlənmiş dərman vasitələridir və piylənmənin müalicəsində tətbiq olunur. Bu iynələr tamamilə təbii hormonlardan ibarətdir. Ölkəmizdə istifadə olunan preparatların tərkibi liraglutid və semaglutiddir.
Yan təsirləri minimaldır. Ən çox rast gəlinən təsir ürək bulanması və qusma olub, bu hallarda iynələrin istifadəsinə davam etdikcə bu əlamətlər tədricən keçici olur. Nadirdir, lakin kəskin pankreatit kimi ciddi yan təsirlər də mümkündür.
Bu iynələr orqanizmdə mədənin boşalmasını ləngidir və beyində doyma hissi yaradır. Nəticədə istifadə edən şəxslər aclıq hiss etmirlər. Quruluş etibarilə insulina bənzəsə də, bu preparatlar insulin deyil.
İstifadəyə başlanğıcda minimal dozadan başlanılır və dozalar yalnız həkim göstərişi və nəzarəti altında tədricən artırılır. İynələr gündə bir dəfə tətbiq olunur və gündəlik və ya həftəlik rejimdə istifadə oluna bilər. Vurulma yeri qarın nahiyəsi, ön qol və ya budun ön hissəsi ola bilər”.
Sonda F.Bayramov vurğulayıb ki, bu iynələr idman və sağlam qidalanma ilə birgə istifadə olunarsa, daha çox effektli nəticə verir.
Pərvin

















