Uşaqların rifahı və valideynlərin maliyyə öhdəlikləri cəmiyyətimizdə daim önəmli mövzudur. Valideynlər arasında maddi məsuliyyətin düzgün bölüşdürülməsi həm uşaqların gündəlik ehtiyaclarını təmin edir, həm də ailədaxili münasibətlərin nizamlı olmasına kömək edir. Bu çərçivədə hüquqi mexanizmlər və sosial dəstək imkanları valideynlərin öhdəliklərini yerinə yetirməsini asanlaşdırır.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən hüquqşünas Emil Qurbanov işsiz valideyn üçün aliment məbləğinin məhkəmə tərəfindən müəyyənləşdirildiyini qeyd edib :
“Əgər kişinin iş yeri yoxdursa, məhkəmə alimenti sabit pul məbləği şəklində təyin edir. Bu məbləğ müəyyən edilərkən hər il ölkə üzrə təsdiq olunan minimum ehtiyac meyarlarından aşağı olmamalıdır. Məsələn, 2018-ci il üçün uşaqlar üzrə minimum ehtiyac meyarı 154 manat müəyyən edilmişdir. Buna görə də həmin il ərzində aliment bu qaydada təyin olunarsa, hər bir uşaq üçün 154 manat müəyyən edilir.
Praktik olaraq, kişinin məşğulluq idarələrinə müraciət edərək qeydiyyatda olduğu rayon üzrə mövcud vakansiyalardan birini seçib işləməsi mümkündür. Lakin iş yerinin olmaması alimentin ödənilməməsinə səbəb deyil.
Qadının maddi vəziyyəti yaxşı olsa belə, o, aliment tələb edə bilər, çünki aliment valideynin uşağa təmin etdiyi hüquqi öhdəlikdir. Əgər boşanma baş verməyibsə və ər ailəyə və ya uşaqlara baxmır, maddi dəstək göstərməkdən imtina edirsə, qadının müraciəti əsasında məhkəmə aliment təyin edə bilər”.
Sonda E. Qurbanov uşağın ataya verilməsi vəziyyətində də qanunun hər iki valideynin onun böyüməsi və xərclərinə məsuliyyət daşımasını tələb etdiyini bildirib:
“Əgər uşaq ataya verilibsə, qanunvericilik müəyyən edir ki, uşaqların birgə böyüdülməsi və xərclərinə hər iki valideynin qatılması vacibdir. Bu səbəbdən anadan da aliment tələb etmək hüququ var”.
Pərvin

















