Cəmiyyət

Dermatoloqdan xəbərdarlıq: Bu vərdişlər sızanağı ARTIRIR

21 Fevral 2026, 13:091
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dəri sağlamlığı xüsusilə gənc yaşlarda diqqət tələb edən məsələlərdən biridir və estetik baxımdan yaratdığı narahatlıqlar səbəbilə tez-tez müzakirə mövzusuna çevrilir. Gündəlik qulluq vərdişləri, həyat tərzi və fərdi xüsusiyyətlər bu sahədə mühüm rol oynayır.

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən həkim, uzman dermatoloq Lalə Mehdi sızanağın dəri həkimlərinin ən çox qarşılaşdığı narahatlıqlardan biri olduğunu vurğulayıb:

“Sızanaq dermatoloqların praktik fəaliyyətində çox tez-tez rast gəlinən problemlərdən biridir. Bu problem əsasən üz, kürək, sinə nahiyəsi və qollarda meydana çıxır.

Sızanağın yaranma səbəblərinə gəldikdə isə, burada bir sıra faktorlar rol oynayır. İlk növbədə genetik amili qeyd etmək lazımdır, çünki genetik meyillilik bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, bəzi xarici və fiziki təsirlər də təsir göstərə bilər. Məsələn, yağlı kosmetik vasitələrdən istifadə, dərinin düzgün təmizlənməməsi, dəri tipinə uyğun olmayan təmizləyici məhsulların seçilməsi aknenin artmasına səbəb ola bilər. Yeniyetməlik dövründə dəri yağlılığının yüksəlməsi də əsas faktorlardan biridir. Yağlılığın artması məsamələrin tutulmasına gətirib çıxarır və nəticədə sızanaqların çoxalmasına şərait yaradır. Stress də akneni qıcıqlandıran və artıran amillər sırasındadır.

Ümumilikdə akne dəri problemidir və daxili orqan xəstəlikləri ilə birbaşa əlaqəsi yoxdur. Buna görə də akne problemi olan şəxslərdə adətən mədə, bağırsaq, qaraciyər, böyrək və digər daxili orqanların müayinəsinə ehtiyac duyulmur. Lakin sızanaqlar müalicəyə davamlı olduqda və eyni zamanda menstrual pozuntular, kişi tipli tüklənmənin artması, saç tökülməsi kimi hallar müşahidə edildikdə, bəzi hormonal analizlərin aparılması zəruri ola bilər. Bundan başqa hallarda daxili orqan patologiyası axtarmağa ehtiyac yoxdur. Akne sırf dəri ilə bağlı problemdir”.

Dermatoloq bu vəziyyətlə üzləşənlər üçün məsləhətlərini də açıqlayıb:

“Akne ilə qarşılaşan gənclər üçün bəzi tövsiyələr mövcuddur. Həkimə müraciət etməzdən əvvəl müəyyən məqamlara diqqət yetirilməlidir. İlk növbədə, dəri yağlılığının artmasının qarşısını mümkün qədər almaq lazımdır. Bunun üçün yağlı dərilər üçün nəzərdə tutulmuş xüsusi təmizləyici gellərdən istifadə edilərək üz mütəmadi yuyulmalıdır. Həmçinin yağlı kosmetik vasitələrdən uzaq durmaq, su əsaslı nəmləndiricilərə üstünlük vermək tövsiyə olunur. Dərinin təmizliyi vacibdir — makiyaj qalıqları ilə yatmaq olmaz və gecə yatmazdan əvvəl üz mütləq təmizlənməlidir. Ən əsası isə, üzdə sızanaq olduqda onları sıxmaq və ya toxunmaq qətiyyən məsləhət görülmür. Bu, ləkə və izlərin yaranmasına səbəb olur ki, bu da arzuolunmaz nəticədir”.

Pərvin

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600