Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) və SKAL International Baku klubunun üzvləri Türkiyənin Bursa şəhərində yerləşən Doruk Xəstəxanasına rəsmi tanışlıq səfəri həyata keçiriblər.
Zefer.media xəbər verir ki, səfərin əsas məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması, müasir tibbi infrastrukturla yaxından tanışlıq və gələcək birgə layihələr üçün əlaqələrin möhkəmləndirilməsi olub.
Ziyarət çərçivəsində iştirakçılara Doruk Sağlamlıq Qrupunun fəaliyyəti, xəstəxananın texniki imkanları, ixtisaslaşmış tibbi bölmələri, beynəlxalq pasiyentlər üçün göstərilən xidmətlər, eləcə də sağlamlıq turizmi üzrə tətbiq edilən innovativ yanaşmalar barədə ətraflı məlumat verilib. Xəstəxananın yüksək texnologiya ilə təchiz olunmuş diaqnostika və müalicə bölmələri, həkim heyətinin peşəkarlığı qonaqların xüsusi marağına səbəb olub.
Görüş zamanı Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, pasiyent axınının təşkili, birgə tanıtım fəaliyyətləri və B2B əməkdaşlıq imkanları müzakirə edilib. AHTTSA və SKAL International Baku nümayəndələri Doruk Xəstəxanasının beynəlxalq standartlara cavab verən xidmət modelini yüksək qiymətləndiriblər.
Səfər səmimi fikir mübadiləsi və gələcək əməkdaşlığa dair qarşılıqlı niyyətlərin ifadə olunması ilə yekunlaşıb. Bu cür görüşlərin regional və beynəlxalq səviyyədə sağlamlıq turizminin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.


















