ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karninin Vaşinqtonun Kanadada fransız dilinin istifadəsinə təsir göstərməyə çalışdığı barədə açıqlamasını yalan adlandırıb.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp “Truth Social” platformasındakı paylaşımında kanadalıların fransız dilində danışmaq hüququna heç vaxt mane olmayacağını bildirib.
“Kanadalıların fransız dilində danışmaq hüququna heç vaxt mane olmazdım. Belə axmaq bir fikri heç vaxt düşünməmişəm”, – deyə Tramp yazıb.
“Politico”nun məlumatına görə, Mark Karni ABŞ-nin “fransız dili və Kvebek mədəniyyətinə təhdidlərinin” Vaşinqton və Ottava arasında gömrük tarifləri ilə bağlı danışıqların dayandırılmasına təsir etdiyini bildirib.
Tramp isə Karninin bu açıqlamasını Kvebekdə seçicilər arasında itirdiyi populyarlığı bərpa etmək cəhdi kimi qiymətləndirib.
Məlumata görə, tərəflər arasında ticarət razılaşmasının əldə olunmamasından sonra ABŞ ötən həftə Kanadadan idxal olunan 20 milyard dollar dəyərində məhsullara 50 faizlik gömrük rüsumu tətbiq edib.
CNN-in məlumatına görə, fikir ayrılıqlarının səbəblərindən biri ABŞ-nin Kanadaya ixrac olunan məhsullarda məcburi ikidilli etiketləmənin ləğv edilməsini tələb etməsi olub. Ottava isə bu tələbin Kvebekdə fransız dilinin və mədəniyyətinin qorunmasına birbaşa təhdid olduğunu bildirib.
Aytən Yalçınqızı

















