Dünya

Süni intellektlə əlaqəli uşaq istismarı materialları ilə bağlı şikayətlərin sayı 8 400 faizdən çox artıb

16 Noyabr 2026, 15:433
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Süni intellektlə əlaqəli uşaqlara qarşı cinsi istismar materialları barədə şikayətlərin sayı 2023–2025-ci illər ərzində 8 400 faizdən çox artıb. Eyni zamanda, dünya üzrə bir il ərzində 300 milyondan çox uşağın texnologiya vasitəsilə cinsi istismara və ya istismarın digər formalarına məruz qaldığı müəyyən edilib.

Zefer.media TRT Haber-ə istinadla xəbər verir ki, Childlight Qlobal Uşaq Təhlükəsizliyi İnstitutunun hazırladığı hesabatda dünya üzrə uşaqların onlayn və oflayn mühitdə cinsi istismara və sui-istifadəyə məruz qalmasının miqyası araşdırılıb.

Hesabata görə, ABŞ-ın İtkin Düşmüş və İstismara Məruz Qalmış Uşaqlar üzrə Milli Mərkəzinə (NCMEC) 2023-cü ildə süni intellektlə əlaqəli uşaqlara qarşı cinsi istismar materialları ilə bağlı təxminən 4 700 şikayət daxil olub.

2025-ci ildə isə bu şikayətlərin sayı 400 mini ötüb. Beləliklə, iki il ərzində şikayətlərin sayında 8 400 faizdən çox artım qeydə alınıb.

Şikayətlər arasında uşaqların üzlərinin rəqəmsal üsullarla cinsi məzmunlu görüntülərə yerləşdirildiyi “deepfake” şəkillər və videolar da yer alıb.

Dünya üzrə bir il ərzində 300 milyondan çox uşağın internet və rəqəmsal texnologiyalar vasitəsilə cinsi istismara və ya istismara əsaslanan digər hallara məruz qaldığı təxmin edilir.

Onlayn uşaq istismarına qarşı hüquqi tənzimləmələrin çatışmazlığı xüsusilə Şərqi Asiya və Sakit okean regionunda diqqət çəkir. Araşdırılan 46 ölkə və regionun 37 faizində onlayn uşaq istismarına qarşı konkret qanunvericilik mövcud deyil. Latın Amerikası və Karib hövzəsində isə bu göstərici 19,6 faiz təşkil edir.

Childlight İnstitutunun baş icraçı direktoru (CEO) Pol Stanfild hökumətlərin istismarın harada baş verdiyi və hansı uşaqların daha çox risk altında olduğu barədə çox vaxt kifayət qədər məlumata malik olmadığını bildirib. O, uşaqların cinsi istismardan və sui-istifadədən qorunması üçün etibarlı məlumatların toplanmasına investisiya yatırılmasına çağırıb.

Stanfild uşaqlara qarşı cinsi istismar və sui-istifadənin qarşısının alına bilən ictimai sağlamlıq problemi kimi qiymətləndirilməsinin, əldə olunan məlumatların konkret tədbirlərə çevrilməsinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600