2025-ci ilin yanvarından etibarən Rusiya Prezidenti Vladimir Putin 20 xarici şirkətin Rusiya biznesinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib. “Reuters” agentliyinin hesablamalarına görə, onların 17-si Avropa, yalnız üçü isə ABŞ şirkətidir.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, agentliyin mənbəsi bunu Moskvanın Tramp administrasiyası ilə danışıqlar davam etdiyi müddətdə ABŞ biznesinə təzyiq göstərməsinin sərfəli olmaması ilə izah edib.
Amerika Ticarət Palatasının qiymətləndirməsinə görə, Rusiyada təxminən 300 ABŞ şirkəti fəaliyyətini davam etdirir.
Kreml Rusiyanın öz maraqlarına uyğun hərəkət etdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, ABŞ Avropa ölkələrindən fərqli olaraq, münaqişənin sülh yolu ilə həllinə çalışır.
Rusiyadakı aktivləri müvəqqəti idarəetməyə verilən şirkətlər arasında “Nestlé”, “Auchan”, keçmiş “Leroy Merlin” və Fransanın “Tarkett” şirkəti də var.
Avropa Komissiyası bu addımları məcburi müsadirə kimi qiymətləndirib və aktivlərin ələ keçirilməsindən faydalanan şəxslərə qarşı Aİ-nin sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.
Bu arada, bəzi ABŞ şirkətləri Rusiyaya qayıtmaq imkanlarını müzakirə edirlər.
Pərvin Hacıyeva




