ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı proqramından imtina etməyəcəyi təqdirdə rəsmi Tehranla heç bir razılaşmanın mümkün olmayacağını bəyan edib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, o, bu fikirləri Fox Business kanalına verdiyi müsahibədə səsləndirib:
“Onların nüvə silahı ola bilməz. Əgər dayanmasalar, biz heç bir razılaşma əldə etməyəcəyik”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti bildirib ki, Amerika qüvvələri artıq İrana ciddi zərbə vurub: “Hər şey məhv edilib… Onların hava qüvvələri, radarları yoxdur”.
Tramp İranın mövcud hakimiyyətini “yeni rejim” kimi xarakterizə edərək onun əvvəlki ilə müqayisədə daha “ağlabatan” olduğunu qeyd etsə də, münaqişənin yekun nəticəsinin hələ də qeyri-müəyyən qaldığını bildirib:
“Əhəmiyyətli olan tək şey son nəticədir və bəlkə də bu, tezliklə baş verəcək”, – deyə o əlavə edib.
ABŞ-nin İranın infrastrukturuna ciddi zərbələr endirmək imkanına malik olduğunu deyən Tramp, bununla belə, vəziyyətin daha da gərginləşməsini istəmədiklərini vurğulayıb:
“Biz onların bütün körpülərini, elektrik stansiyalarını bir saata məhv edə bilərik. Amma biz bunu etmək istəmirik”.
O, həmçinin ABŞ-nin bölgədəki addımlarına, o cümlədən Hörmüz boğazı ilə bağlı tədbirlərə görə digər ölkələr tərəfindən ciddi müqavimət göstərilmədiyini bildirib.
Tramp əlavə edib ki, neft qiymətlərinin yaxın gələcəkdə əvvəlki səviyyələrə enəcəyi gözlənilir.
Bundan başqa, ABŞ prezidenti Xi Jinping ilə yazışmasından da danışıb. Onun sözlərinə görə, Si Cinpinə İrana silah verilməməsi ilə bağlı müraciət edib:
“Mən ondan İrana silah verməməsini xahiş etdim. O, cavab məktubunda bunu etmədiyini bildirib. Si neftə ehtiyacı olan bir liderdir, bizə isə bu lazım deyil”, – deyə Tramp qeyd edib.
Aytən Yalçınqızı

















