Türkiyənin paytaxtı Ankara şəhərində NATO-nun 36-cı Zirvə Görüşü keçirilir. Həmin tarixi sammit Prezident Kompleksində təşkil olunub və alyansın 32 üzv ölkəsinin liderləri, eləcə də minlərlə diplomat, jurnalist və digər nümayəndələr iştirak edir.
Tarixi görüşü şərh edən politoloq Turab Rzayev Zefer.media-ya açıqlamasında bildirib ki, dünyada kritik qırılmaların, geosiyasi dalğalanmaların çox aktiv olduğu dönəmdə toplantının əhəmiyyəti daha da artır:
“Belə ki, ABŞ- İran mövzusunda nəticənin necə olacağı bəlli deyil. Digər tərəfdən İsrail və Livan, habelə Rusiya-Ukrayna arasında müharibə davam edir. ABŞ və Çin, Avropa və Rusiya arasında münasibətlər isə gərginləşir. Bu cür vəziyyətdə NATO ölkələrinin ən azından birgə müzakirələr aparmalarına ciddi ehtiyac var. Vurğulamaq yerinə düşər ki, NATO ölkələrinə ABŞ-dən hərbi büdcənin artırılması, 5 faiz həddinə gətirilməsi ilə əlaqədar da kəskin təlimatlar var”.
Politoloqun sözlərinə görə, həmçinin Türkiyədə keçirilən görüşün qardaş ölkənin özü üçün də mühümdür:
“Türkiyə çalışır ki, həm Suriya, həm də Şərqi Aralıq dənizi məsələsi, Kipr və Yunanıstanla münasibətlərə dair, xüsusilə Yaxın Şərq siyasəti, Suriyada PKK/YPG və digər terror təşkilatları ilə bağlı ABŞ ilə müəyyən mövzularda ortaq razılaşmaya gələ bilər. Türkiyənin ABŞ-dən F35 proqramına qayıtmaq, F16-ları, digər silah sistemləri və s əldə etmək gözləntiləri mövcuddur”.
Zərintac Mayisqızı

















