Dünya

Euclid teleskopu kosmosda Kainatın ilk dövrlərindən qalma nəhəng qara dəlik aşkar edib

24 Noyabr 2026, 16:351
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa Kosmik Agentliyinin (ESA) Euclid Kosmik Teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş və indiyədək aşkar edilən ən uzaq kvazarı kəşf edib.

Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, ESA-nın açıqlamasına görə, «J1504+6252» adlandırılan və «Dun Aonghasa» kimi də tanınan kvazar Kainatın hələ çox gənc olduğu dövrə aiddir.

Kvazarın təxminən 13,1 milyard il əvvəlki vəziyyəti müşahidə edilib. Bu dövr Böyük Partlayışdan 630 milyon il sonraya təsadüf edir.

Bu kəşf Euclid teleskopunun cəmi bir neçə ay əvvəl elan etdiyi ən uzaq kvazar rekordunu daha 40 milyon il geriyə aparıb.

Euclid teleskopunun təxminən 18 aylıq müşahidə məlumatları araşdırılarkən milyonlarla göy cismi arasından müəyyən edilən kvazarın mövcudluğu Yer üzündəki və kosmosdakı teleskoplarla aparılan əlavə müşahidələr nəticəsində təsdiqlənib.

Bundan əlavə, James Webb Kosmik Teleskopunun müşahidələri kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə böyük olduğunu üzə çıxarıb.

Müəyyən edilib ki, aşkar edilən kvazarın mərkəzindəki qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı qara dəliklərlə müqayisədə daha yavaş udur.

Bu kəşf Kainatın cəmi 630 milyon yaşı olduğu dövrdə belə böyük bir qara dəliyin necə əmələ gəldiyi və bu qədər qısa müddətdə necə böyüdüyü ilə bağlı suallar doğurub. Bildirilib ki, əldə edilən nəticələr qara dəliklərin yaranmasını və böyüməsini izah edən mövcud elmi modelləri çətin vəziyyətə salır.

Kvazarlar mərkəzlərindəki superkütləli qara dəliklərin ətraflarındakı qazları özünə cəlb etməsi nəticəsində böyük miqdarda enerji yayan qalaktikaların nüvələri kimi tanınır.

2023-cü ildə kosmosa buraxılan Euclid Kosmik Teleskopu Kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ də tam başa düşülməyən xüsusiyyətlərini araşdırır.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600