Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlılar Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçilər və xilasedicilərə isti yemək, su və içkilər çatdırıblar.
Zefer.media Oxu.az-a istinadən xəbər verir ki, yardım diaspor nümayəndələri, restoran sahibləri və digər şəxslərin şəxsi vəsaiti hesabına təşkil olunub.
Azərbaycan icmasının nümayəndəsi Elmir Şahsuvarov axtarış-xilasetmə işləri başa çatana qədər lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlim zamanı dalğa 19 hərbçini dənizə aparıb. Onlardan 12-si həlak olub.
Hadisə ilə əlaqədar sentyabrın 25-i Qazaxıstanda milli matəm günü elan edilib və Silahlı Qüvvələrin 5 məsul şəxsi saxlanılıb.

















