Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.
Zefer.media xəbər verir ki, bu barədə DQİDK məlumat yayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin dini sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr, eləcə də iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
DQİDK sədri Ramin Məmmədov Azərbaycanda formalaşmış dövlət-din münasibətləri modeli, dini etiqad azadlığının təmin olunması, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi və ölkədə hökm sürən tolerantlıq mühitindən bəhs edib. O, Azərbaycanda yaşayan gürcü icmasının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, dini məbədlərdə təmir-bərpa işlərinin aparıldığını, eləcə də dini bayramların yüksək səviyyədə qeyd edilməsinə şərait yaradıldığını diqqətə çatdırıb. Ramin Məmmədov, həmçinin Gürcüstanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil edilən iftar mərasimlərinin xalqlarımız arasında dostluq, qarşılıqlı hörmət və anlaşma münasibətlərinin möhkəmləndirilməsinə xidmətini vurğulayıb.
Zaza Vaşakmadze Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində həyata keçirilən siyasətin yüksək qiymətləndirildiyini qeyd edib. O, Azərbaycanda dini sahədə formalaşmış qanunvericilik bazasının tənzimlənməsi mexanizmlərinin Gürcüstan üçün də maraq doğurduğunu, bu istiqamətdə tərəfdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dini sahədə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, mövcud imkanlardan səmərəli istifadə perspektivləri müzakirə edilib.








