“Qafqazın tarixi bizim də tariximizdir. Əsrlərdir bu coğrafiyanın həm ağrılarını, həm də sevinclərini bölüşmüşük. Bu gün ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları bir bölgə miras qoymaq məsuliyyəti çiyinlərimizdədir”.
Zefer.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qafqaz Konqresi münasibətilə yayımladığı müraciətində bildirib.
Ərdoğan sərhəd şəhəri İğdırda alimləri və iştirakçıları bir araya gətirən konqresin xeyirli nəticələrə səbəb olmasını arzulayıb.
Dəyərli fikirləri, təhlilləri, məruzələri və tənqidləri ilə konqresin məzmununu zənginləşdirən mütəxəssislərə təşəkkür edən Ərdoğan bunları qeyd edib:
“Qafqazın tarixi bizim də tariximizdir. Əsrlərdir bu coğrafiyanın həm ağrılarını, həm də sevinclərini bölüşmüşük. Bu gün ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları bir bölgə miras qoymaq məsuliyyəti çiyinlərimizdədir.
Bu anlayışla Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ‘Bir millət, iki dövlət’ şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdik. Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürur mənbəyidir.
Qarabağ zəfərinin sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifahın təmin olunması üçün də eyni qətiyyətlə çalışacağıq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturu güclənəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr yeni imkanlar qazanacaq.
İpək Yolu marşrutlarında canlanacaq ticarətin, artacaq əməkdaşlığın və daha da möhkəmlənəcək insani əlaqələrin bütün bölgəyə fayda gətirəcəyinə inanırıq”.
Qafqazın sülhün davamlı xarakter aldığı, qonşuların ticarət etdiyi və hər bir ölkənin ortaq rifahdan pay aldığı bir bölgəyə çevrilməsinin vacibliyini vurğulayan Ərdoğan İğdırda ortaya qoyulacaq elmi bilik və təcrübənin, eləcə də aparılacaq müzakirələrin ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Prezident Ərdoğan konqresin təşkilində əməyi olanlara təşəkkür edib, dəyərli iştirakçılara və İğdır sakinlərinə salamlarını və xoş arzularını çatdırıb.
Lalə Qurbanlı




