Polis Uels şahzadəsi Uilyam və şahzadə Keytin Sandrinqem malikanəsində yerləşən bağ evinə oğurluq və qanunsuz daxilolma şübhəsi ilə iki kişinin saxlanıldığını bildirib.
Zefer.media BBC-nin məlumatına görə xəbər verir ki, Norfolk polisi bazar ertəsi saat 18:00-a az qalmış sözügedən ünvanda şübhəli fəaliyyətlə bağlı məlumat daxil olduğunu açıqlayıb.
Polis ərazidə axtarış aparmaq üçün xidməti itlərdən, dronlardan və helikopterdən istifadə edib. Nəticədə malikanənin ərazisində iki kişi saxlanılıb. Onların hələ də polis nəzarətində olduğu bildirilir.
Polisin əlavə məlumatına görə, hadisə baş verən zaman iqamətgahda heç kim olmayıb. Kensinqton Sarayı isə təhlükəsizlik məsələləri ilə bağlı şərh vermədiyini bildirib.
Uilyam və Keyt Anmer Holl malikanəsində daimi yaşamırlar. Onlar bu mülkdən bayram və istirahət günlərində bağ evi kimi istifadə edirlər.
10 yataq otağı olan Anmer Holl 2011-ci ildəki toylarından sonra mərhum Kraliça II Elizabet tərəfindən cütlüyə hədiyyə edilib.
Qırmızı kərpicdən tikilmiş, gürcü memarlıq üslubuna aid bu malikanə Norfolk qraflığında yerləşən, şəxsi mülkiyyət olan Sandrinqem malikanəsinin ərazisindədir. Kralın şəxsi iqamətgahlarından biri olan Sandrinqem Hausdan avtomobillə qısa məsafədə yerləşir.
Uels şahzadəsi və şahzadəsinin əsas yaşayış yeri isə Berkşir qraflığında, Vindzor qəsrinin ərazisində yerləşir.
Lalə Qurbanlı




