Ankara və Tehran iyul ayında 25 illik sazişin başa çatmasından sonra İrandan təbii qaz tədarükünə dair müqaviləni daha beş il müddətinə uzatmaq barədə razılığa gəliblər.
Zefer.media ANKA agentliyinə istinadən xəbər verir ki, həcmlər dəyişməz qalıb və ildə təxminən 10 milyard kubmetr təşkil edir.
Razılaşma Türkiyənin dövlət şirkəti olan BOTAŞ ilə İranın Milli Qaz Şirkəti arasında əldə olunub.
Yeni müqavilənin qüvvədə olma müddəti 18 aprel 2032-ci ilə qədər müəyyən edilib. Qiymət formalaşdırma mexanizmi əvvəlki qaydada saxlanılıb.
Rusiya, Azərbaycan və ABŞ-dən sonra İran Türkiyəyə qaz ixrac edən ölkələr arasında dördüncü yerdə qərarlaşıb. Məlumata görə, 2025-ci ildə İran Türkiyəyə 7.7 milyard kubmetr təbii qaz tədarük edib ki, bu da ümumi idxal həcminin təqribən 13.2%-nə bərabərdir.
Agentlik qeyd edir ki, ümumilikdə 2025-ci ildə Türkiyə 58.4 milyard kubmetr qaz idxal edib və bu göstərici 2024-cü illə müqayisədə 11.73% artım deməkdir.
Aytən Yalçınqızı




