Siyasət

İlham Əliyev Gürcüstan rəsmisini qəbul edib – FOTO

24 Noyabr 2026, 16:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.

Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirilib.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunulub.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirib.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulanıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirilib.

Bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600