Zefer.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında paylaşdığı açıqlamada əməliyyatın məsuliyyətini Ukrayna hərbçilərinin üzərinə götürüb.
Zelenskinin sözlərinə görə, əməliyyat zamanı Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edilib. Nəticədə Rusiyanın 2023-cü ildə silahlanmaya qəbul etdiyi “Merkuri” korveti batırılıb.
Ukrayna Prezidenti hücum zamanı Rusiyaya məxsus Ka-27 hərbi helikopterinin də məhv edildiyini bildirib.
Zelenski əlavə edib ki, əməliyyatın digər hədəfi Rusiyanın hərbi yüklərin daşınmasında istifadə etdiyi MV “Angara” quru yük gəmisi olub. Onun sözlərinə görə, bu hədəf də vurulub.
Xatırladaq ki, hadisə ilə bağlı ilkin məlumatlar Liviyanın Benqazi limanından yayılıb. İlkin xəbərlərdə Rusiya hərbi gəmisində güclü partlayışın baş verdiyi, ardınca yanğın yarandığı və korvetə ciddi ziyan dəydiyi bildirilirdi.
Ukrayna liderinin açıqlaması hadisənin arxasında Kiyevin dayandığına dair ilk rəsmi təsdiq kimi qiymətləndirilir. Bununla belə, gəmilərə və helikopterə dəymiş ziyanın miqyası barədə müstəqil təsdiq hələlik təqdim edilməyib.




