Uzun müddətli müəllimlik fəaliyyətim ərzində müxtəlif təhsil mühitlərini görmək, fərqli ölkələrin məktəbləri ilə tanış olmaq imkanım olub. Bu illər ərzində bir həqiqəti daha aydın dərk etmişəm: tam orta təhsilin keyfiyyətini yalnız müəllimin biliyi, dərsin təşkili və ya istifadə etdiyi metodlarla izah etmək mümkün deyil.
Məktəb cəmiyyətdən ayrı fəaliyyət göstərən bir qurum deyil. O, cəmiyyətin dəyərlərini, gözləntilərini və gələcəyə baxışını özündə əks etdirir. Buna görə də məktəbin nəticələrini qiymətləndirərkən yalnız müəllimə və ya məktəbə baxmaq kifayət etmir. Şagirdin öyrənməyə münasibəti, həyata baxışı və gələcək hədəfləri məktəbə gəlməzdən əvvəl ailədə və cəmiyyətdə formalaşmağa başlayır.
Şübhəsiz ki, müəllim bu prosesin əsas iştirakçılarından biridir. Peşəkar müəllim biliyi, ünsiyyəti və şagirdə münasibəti ilə onun həyatında dərin iz buraxa bilər. Ancaq müəllim də fəaliyyət göstərdiyi mühitdən kənarda deyil. Məktəbin imkanları da, qarşısına qoyulan məqsədlər də cəmiyyətin gözləntiləri ilə sıx bağlıdır.
İllər əvvəl ABŞ-ın Texas ştatında keçirilən bir təcrübə proqramında iştirak edərkən getdiyim məktəblərdə diqqətimi ən çox çəkən nə müasir texnologiyalar, nə də maddi-texniki imkanlar oldu. Bunları görəcəyimi gözləyirdim. Məni düşündürən başqa bir məqam idi – şagirdlərin öyrənməyə münasibəti.
Onlarda sanki bir “məlumat aclığı” vardı. Laboratoriya məşğələlərində, praktik tapşırıqlarda, müəllimin izahı zamanı hər yeni məlumatı böyük maraqla qəbul edir, dərsin bütün mərhələlərində fəal iştirak edirdilər. Elə bil hər yeni məlumat onlar üçün yeni bir kəşf idi.
Bu mənzərə məni düşündürdü. Mən həmin məktəbdə çalışan Nensi adlı müəllimdən soruşdum:
— Necə olur ki, şagirdlər öyrənməyə bu qədər böyük maraqla yanaşırlar? Bunun səbəbi nədir?
Düzünü desəm, onun cavabında məktəbin uğurlarından, müəllimlərin xüsusi metodlarından və ya təhsil sisteminin üstünlüklərindən danışacağını gözləyirdim. Lakin onun cavabı mənim üçün gözlənilməz oldu:
— Bu, onların seçimidir. Onlar bizi seçiblər. Bura yalnız oxumaq istəyən şagirdlər gəlir.
Bu sadə cavab məni bir daha düşündürdü. Nensi xanım bu uğurun səbəbini yalnız məktəbin, müəllimlərin və ya təhsil sisteminin fəaliyyəti ilə izah etmədi. O, diqqəti daha əsas bir məsələyə yönəltdi: şagirdlərin özündə olan öyrənmə istəyinə.
Həmin anda anladım ki, təhsilin nəticəsi yalnız məktəbin daxilində formalaşmır. Şagirdin öyrənməyə münasibəti ailədə, cəmiyyətdə və sosial mühitdə yaranır.
Məktəb şagirddə öyrənmək ehtiyacını sıfırdan yaratmır; məktəb cəmiyyətin formalaşdırdığı bu ehtiyacı istiqamətləndirir, zənginləşdirir və inkişaf etdirir.
Bu müşahidə mənə bir daha göstərdi ki, cəmiyyət biliyə, öyrənməyə və inkişafa necə münasibət göstərirsə, bu münasibət məktəbdə də öz əksini tapır.
Bəs bizim cəmiyyət tam orta məktəbdən nə gözləyir?
Bu sualın cavabını çox vaxt bir cümlədə eşidirik:
“Övladımı universitetə hazırla.”
Bu istəyi başa düşmək çətin deyil. Hər bir valideyn övladının ali təhsil almasını, uğur qazanmasını və yaxşı gələcəyə sahib olmasını arzulayır. Ancaq burada başqa bir sual yaranır: niyə tam orta məktəbin uğuru çox vaxt yalnız qəbul imtahanının nəticəsi ilə ölçülür?
Məncə, burada məsuliyyəti yalnız valideynlərin üzərinə qoymaq düzgün olmaz. Valideyn də cəmiyyətin formalaşdırdığı dəyərlərlə yaşayır. Əgər cəmiyyətdə uğurun əsas göstəricisi diplom və yüksək bal hesab edilirsə, ailələrin də diqqətini həmin istiqamətə yönəltməsi təbiidir.
Son illərdə yüksək bal və diplom ətrafında formalaşan yarış məktəbə münasibətə də təsir göstərib. Müxtəlif informasiya vasitələrində 600–700 bal toplayan gənclərin uğurları geniş işıqlandırılır, onlar mükafatlandırılır, nümunə göstərilirlər. Bu gənclərin zəhməti, əlbəttə, böyük hörmətə layiqdir.
Ancaq bundan sonra çox vaxt başqa bir sual cavabsız qalır:
Bu gənclər sonrakı həyatlarında hansı uğurları qazandılar? Cəmiyyətə nə verdilər? Seçdikləri peşədə nə ilə fərqləndilər?
Bəlkə də problem yüksək balın qiymətləndirilməsində deyil. Problem ondadır ki, biz çox vaxt həmin baldan sonrakı həyatı qiymətləndirməyi unuduruq.
Məhz buna görə qarşımızda duran əsas sual budur:
Biz neçə nəfəri imtahana hazırladıq, neçə nəfəri həyata hazırladıq?
Mənə görə tam orta məktəbin əsas vəzifəsi hazır mütəxəssis yetişdirmək deyil. Mütəxəssis hazırlamaq daha çox peşə məktəblərinin, kolleclərin və ali təhsil müəssisələrinin missiyasıdır.
Tam orta məktəbin missiyası isə düşünən, məsuliyyətli, öyrənməyə açıq, güclü potensiala və sağlam mənəvi dəyərlərə malik insan yetişdirməkdir. Belə insan gələcəkdə öz marağına və bacarığına uyğun sahəni seçərək peşəkar mütəxəssis ola bilər.
Bu, o demək deyil ki, məktəb yalnız tərbiyə verməlidir. Əksinə, məktəb şagirdə elmin əsaslarını öyrətməli, onda araşdırmaq, düşünmək, sual vermək və öyrənmək bacarığı formalaşdırmalıdır. Çünki güclü şəxsiyyət həm bilik, həm də dəyər üzərində qurulur.
Cəmiyyətə yalnız savadlı insanlar deyil, vicdanlı, məsuliyyətli, peşəsinə hörmət edən insanlar lazımdır. Bilik insanın imkanlarını artırır. Həmin imkanlardan necə istifadə etməsi isə onun xarakterindən, dünyagörüşündən və mənəvi dəyərlərindən asılıdır.
Məhz buna görə hesab edirəm ki, tam orta məktəbin ən mühüm vəzifələrindən biri əsl vətəndaş yetişdirməkdir. Əsl vətəndaş yalnız Vətənini sevən insan deyil. O, öz işinə vicdanla yanaşan, ailəsinə və cəmiyyətə qarşı məsuliyyət hiss edən, biliyindən və bacarığından xeyirli məqsədlər üçün istifadə edən insandır.
Tam orta təhsil insanı sadəcə növbəti təhsil pilləsinə keçirmək üçün deyil, həyata hazırlamaq üçündür.
Məktəbin ən böyük uğuru yalnız neçə məzunun universitetə qəbul olunması ilə ölçülməməlidir. Əsl uğur neçə gəncin öz yolunu tapması, cəmiyyətə faydalı insan kimi formalaşması və vicdanla yaşamasıdır.
Bir müəllim olaraq ən böyük arzum budur ki, məktəblərimiz yalnız yüksək bal toplayan məzunlar deyil, düşünən, məsuliyyətli, vicdanlı və əsl vətəndaşlar yetişdirsin.
Əbülfət Zeynallı




