Diplomatik mənbələrin məlumatına görə, beş Avropa İttifaqı(Aİ) ölkəsinin miqrantların deportasiyası üçün Ruandada mərkəz yaradılacağını elan edəcəyi gözlənilir. Bu təşəbbüs deportasiyaların sayını artırmaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyan daha geniş tədbirlər çərçivəsində həyata keçirilir.
Zefer.media BBC-yə istinadən xəbər verir ki, Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderlandın Mərkəzi-Şərqi Afrikada yerləşən, dənizə çıxışı olmayan Ruandanın paytaxtı Kiqalidə “geri qaytarılma mərkəzi” yaradılmasını elan edəcəyi gözlənilir.
Bu razılaşma Aİ-də belə mərkəzlərin İttifaqdan kənarda yaradılmasına imkan verən son qanunvericilik islahatından sonra gündəmə gəlib.
Məlumata görə, bu təşəbbüs Aİ-də qalmaq üçün bütün hüquqi imkanları tükənmiş sığınacaq müraciətçilərinə şamil ediləcək. Bu baxımdan, 2022-ci ildə Böyük Britaniya ilə Ruanda arasında əldə olunmuş, lakin sonradan ləğv edilən razılaşmadan fərqlənir. Həmin razılaşma sığınacaq müraciətlərinə baxılması üçün insanların Ruandaya göndərilməsini nəzərdə tuturdu.
Hüquqi mübahisələr səbəbindən Böyük Britaniya ilə Ruanda arasındakı razılaşma heç vaxt həyata keçirilmədi və 2024-cü ildə hakimiyyətə gələn Leyboristlər hökuməti tərəfindən ləğv edildi.
Ruanda avqust ayında bir neçə Avropa dövləti ilə “ilkin müzakirələrə” başladığını təsdiqləmişdi.
Diplomatik mənbələrin AFP xəbər agentliyinə verdiyi məlumata görə, Ruandadakı mərkəzin ilkin mərhələdə pilot layihə kimi fəaliyyət göstərməsi və təxminən 100 nəfəri qəbul etməsi gözlənilir. Beş ölkənin hər birinin mərkəzə təxminən 20 miqrant göndərməsi ehtimal olunur.
Məlumata görə, Aİ ölkələri mərkəzin 2027-ci ildə fəaliyyətə başlamasına ümid edirlər. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) da layihədə köməkçi rol oynaya bilər.
IOM-un sözçüsü bildirib ki, təşkilat tranzit vəziyyətində olan miqrantlara, o cümlədən mürəkkəb şəraitdə humanitar yardım göstərilməsi sahəsində uzun illər təcrübəyə malikdir.
O əlavə edib ki, təşkilat bəzi Aİ ölkələri ilə “geri qaytarılma mərkəzlərinin və ya oxşar mexanizmlərin yaradılması planları” barədə müzakirələr aparır.
Human Rights Watch təşkilatının Afrika üzrə baş tədqiqatçısı Klementin de Montjua Ruandanın seçilməsinin narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, ölkə müxalif fikirlərin sıxışdırılması, özbaşına həbslər, saxlanma yerlərində pis rəftar və qonşu Konqo Demokratik Respublikasında silahlı üsyançı qruplara dəstək verməklə bağlı uzunmüddətli tarixə malikdir.
“Deportasiya proqramına ev sahibliyi etməsi üçün Kiqaliyə pul ödəmək təkcə deportasiya olunan insanların əzab çəkməsinə və zərər görməsinə səbəb olmayacaq, həm də öz ölkəsində və xaricdə ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan hökumətə maliyyə və siyasi təsir imkanları qazandıracaq”.
Lalə Qurbanlı




