Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın sülh danışıqlarında irəli sürdüyü tələbləri “cəfəngiyat” adlandırıb. O, Aİ-nin qarşılığında heç nə əldə etmədən güzəştə getməməli olduğunu və danışıqlar qrupunun atəşkəsə nail olmaq üçün təzyiq göstərməli olduğunu bildirib.
Zefer.media TRT Haber-ə istinadən bildirir ki, Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclası öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Aİ liderlərinin noyabrın 13-də Avropanın danışıqlarda necə təmsil olunacağını müəyyənləşdirdiyini xatırladan Kallas, xarici işlər nazirləri ilə müzakirələrin məzmunu üzərində işləməyə davam edəcəklərini deyib.
Rusiyanın 2021-ci ildə, müharibədən əvvəl də tələblər siyahısı təqdim etdiyini bildirən Kallas, Moskvanın indi eyni tələbləri yenidən gündəmə gətirdiyini və onlara yenilərini əlavə etdiyini vurğulayıb.
“Bu, müharibəni davam etdirmək üçün açıq bəhanədir. Bu məsələdə realist olmalıyıq”, – deyə Kallas bildirib.
Kallas Rusiyanın maksimum tələblərinə qarşılıq olaraq Aİ-nin irəli sürə biləcəyi maksimum tələbləri nazirlərlə müzakirə edəcəklərini qeyd edib və qarşıda gərgin işin olduğunu vurğulayıb.
Avropada mövcud təhlükəsizlik arxitekturasının olduğunu diqqətə çatdıran Kallas, Rusiyanın Helsinki Yekun Aktı və Budapeşt Memorandumu da daxil olmaqla, bir çox sazişlə bu nizamı qəbul etdiyini bildirib.
Kallas problemin Rusiyanın imzaladığı sazişlərə əməl etməməsi olduğunu deyərək, “Bu səbəbdən Rusiyanın həmin razılaşmalara əməl edəcəyini göstərən konkret güzəştlər etməsini görməliyik”, – deyə qeyd edib.
O, əsas prioritetin atəşkəs olması lazım olduğunu vurğulayıb:
“Görməli olduğumuz ilk şey atəşkəsdir. Digər istənilən məsələni müzakirə etməyə başlamaq üçün əvvəlcə atəşkəs əldə olunmalıdır”.
Lalə Qurbanlı




