27 sentyabr Azərbaycan Respublikasının müasir tarixinə milli qürur, dözümlülük və şərəf günü kimi həkk olunub. 2020-ci ilin məhz bu günündə Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının həmrəyliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində tarixi Zəfərlə yekunlaşdı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də xalqımızın birliyinin, əzminin və tarixi ədalətin bərpa olunmasının təcəssümüdür. Mühüm strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi ilə başlanan döyüş yolu xalqımızın milli ruhunu ucaltdı.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişqrafiyalı bərpa və quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı (Böyük Qayıdış) azad edilən torpaqlarımıza yeni nəfəs verir. Hər bir yenidən qurulan kənd və şəhər şəhidlərimizin əmanətinə olan ehtiramın canlı göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu tarixdə ölkə üzrə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, dini məbədlərdə dualar oxunur və abidələr ziyarət olunur.
Zefer.media komandası olaraq , Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı hər birimiz üçün əbədi qürur mənbəyidir. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq, qazilərimizin şücaəti isə gələcək nəsillərə nümunə olacaqdır.















